22 Aprel 2023
09:42
307

Sülhə gedən yolda Azərbaycanın prinsipial mövqeyi

Prezident İlham Əliyev: "Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun”

Ermənistan hər zaman Cənubi Qafqazda təhlükə mənbəyidir. Buna görə də Ermənistan-Azərbaycan münasibətlərində sülhün əldə olunması artıq zərurətə çevrilib. Firimizcə, bütün regim ölkələri bu sülhün yaranmasına çalışmalıdır. Çünki indiki məqamda sülhdən başqa alternativ yoxdur. Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gecikir. Daha doğrusu bu prosesi Ermənistan məqsədli şəkildə gecikdirir. Azərbaycan sülh müqaviləsi üçün vacib olan bütün addımları atıb. Və bu addımlar konkretdir. Azərbaycan tərəfindən atılan  addımlar əldə olunmuş razılaşmalara uyğundur. Lakin Ermənistan tərəfindən  hər gün fərqli bəyanatlar verilir. Prezident İlham Əliyev 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir daha bəyan edib ki, Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir: "Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir”.

 Ermənistan hələ də anlamır ki, bu gün sülh yeganə yoludur. Artıq region ətrafında vəziyyət sülhə doğru inkişaf edir. Belə bir vəziyyətdə sülhdən qaçmağın Ermənistan üçün yaxşı nəticəsi olmayacaq. Buna görə də Ermənistan siyasi iradə nümayiş etdirərək öz mövqeyini ortaya qoymalıdır. Yəni sülhə gedən yolda bütün lazım olan addımları atmalıdır. Azərbaycan isə bu baxımdan hər zaman prinsipial mövqe ortaya qoyub. Cənab Prezidentin müsahibədə qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər: "Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar”.

 Normallaşma prosesi ilə bağlı Ermənistan məsuliyyət daşıyır. Çünki Ermənistan bununla bağlı rəsmi sənədlər imzalayaraq üzərinə öhdəliklər götürüb və bu öhdəlikləri yerinə yetirməlidir. Prezident İlham Əliyev müsahibədə bu məsələyə toxunaraq deyib ki, nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır: "Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb”.

Bu gün Ermənistanda separatçılar daha da aqressivləşiblər. Ötən əsrin 80-ci illərində separatizm hərəkatının başlandığı hadisələrin analogiyası müşahidə edilir. Aydın görünür ki, rəsmi İrəvan "Qarabağ münaqişəsi”ni "etnik münaqişə” kimi davam etdirilməsi planını icra etməyə cəhd edir. Bu baxımdan son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm çıxışlar edir. Bununla yanaşı, ermənilər tərəfindən separatist və təxribat xarakterli addımlar atılır. Bir neçə gün əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağını yandırmaqla ermənilər növbəti dəfə öz xislətlərini göstərdilər. Prezident İlham Əliyev öz müsahibəsində bu hadisə haqda da danışaraq sərt çıxış edib: "Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması erməni hökumətinin növbəti çirkin əməlidir. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksək səviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar”.

Sevindirici haldır ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli idmançı Cansu Bektaş və gümüş medal qazanan türkiyəli ağır atlet Qamze Altun qələbələrini Azərbaycana həsr etdiklərini bildiriblər. Onların bu addımı bütün türk dünyasını qürurlandırıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaşa və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altuna təbrik məktubu ünvanlayıblar.

İrəvanda baş tutan ağır atletika üzrə Avropa çempionatda türkiyəli idmançıların bu qələbəsi və Azərbaycanla bağlı bu jestləri Ermənistana verilən layiqli cavab idi. Bu bir daha cənab Prezidentin dediyi kimi Türkiyə-Azərbaycan birliyinin və  qardaşlığının sarsılmazlığını nümayiş etdirib.

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi