27 Yanvar 2023
16:13
18279

Terror dəstəkçisi (V)İran dövləti

Hər zaman sülh və təhlükəsizliyin əsas dəstəkçilərindən olan Azərbaycanın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri dünyanın digər dövlətləri ilə, xüsusilə də qonşu dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi olub. Neytral və balanslı siyasəti ilə seçilən dövlətimiz hər zaman regionda və bütün dünyada sülh və təhlükəsizlik çağırışları edib və bunun təmin olunması istiqamətində aktivlik nümayiş etdirib. Aparılan düzgün daxili və xarici siyasət strategiyasının nəticəsidir ki, ölkəmiz dünyada ən təhlükəsiz, multikultural dəyərlərə sadiq ölkə kimi tanınmaqdadır.

Təəsüflər olsun ki, ölkəmizin mehriban qonşululq prinsipləri üzərində etdiyi çağırışlara tarixin müxtəlif dönəmlərində qonşu dövlətlər müsbət cavab verməyib, əksinə gərginliklərin yaranmasına gətirib çıxarıblar.

Xüsusilə 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi bir sıra dövlətlər tərəfindən məyusluqla qarşılanıb, sözdə təbrik etməklə əsl xəyallarının puç olduğunu ört-basdır etməyə çalışıblar. Xüsusilə qonşu İranın son illərdə ölkəmizə qarşı dolayı yolla xoşagəlməz münasibətləri, nümayiş etdirdiyi ikili standartlar tarixi əlaqələrə zərbə vurmaqdadır.

Bugün Tehranda Azərbaycan səfirliyinə edilən hücum sıradan bir hadisə deyil, birbaşa terror aktıdır. Hər zaman olduğu kimi, öz çirkin əməllərini gizlətməyə çalışan İran bu məsələdə də obyektiv davranış sərgiləməsini gözləmək mümkün deyil.

Aylardır daxili çaxnaşmalarla viran qalan bir dövlətin qonşululuqda daim yeni uğurlara doğru addımlayan və regionda sülhün təmin olunması üçün çalışan dövlətə qarşı paxıl və nümayişkəranə əməlləri heç kimə sirr deyil.

Unutmayaq ki, 30 il öncə tarixi Azərbaycan torpaqları işğal olunanda, bütün dünyada əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqrımı baş verdikdə heç bir səs çıxarmayan bir dövlətdən obyektivlik və humanizm dəyərlərinə sadiqlik gözləmək də olmaz. Bunuda əlavə etməliyəm ki, bu hadisə İranda baş verən ilk belə anoloji hal deyil. İllər ərzində müxtəlif ölkələrin İranda yerləşən səfirlik və konsulluqlarına bu tipli hücumlar reallaşıb. Başqa sözlə viran bir dövlətdə terrorçuluq sıradan bir hadisəyə çevrilib. Bu qədər hallar fonunda isə ciddi bir fəaliyyət və ya təhlükəsizlik tədbirləri görülməyib. Bu həm də beynəlxalq münasibətlərdə geniş şəkildə yayılmış "Vyana Konvensiyası”nın da pozulması deməkdir.

Dövlətimiz bugün baş verənlərlə müvafiq tədbirlər həyata keçirir və qarşı tərəfdən də tələblərinin yerinə yetirilməsini tələb edəcək. Bizlər də dövlətimizin yanında olaraq birliyimizi nümayiş etdirəcəyik.

bu gün bu terror hadisəsini şiddətlə və hiddətlə qınayır, bu terroru bütün islam və müsəlman dünyasına qarşı törədilmiş vandalizm aktı kimi dəyərləndiririk.

Allahdan şəhidimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.

Rəşad Bayramov

"İctimai.az” İnformasiya portalının rəhbəri

Yeni Azərbaycan Partiyasının üzvü, YAP Nəsimi rayon təşkilatı ƏPT sədr müavini