Prezident İlham Əliyev: "Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır”
İndiki geopolitik proseslər türk dövlətlərinin birliyini daha çox zərurətə çevirib. Çünki qlobal oyunçular türk dünyasını narahat saxlamaq üçün istənilən neqativ addımlar ata bilərlər. Bütün bunlara qarşı türk dövlətləri müdafiə gücünü artırmalıdır. Bunun üçün də bu gün ən aktual məsələ türk dövlətlərinin birliyi və həmrəyliyinin möhkəmləndirilməsidir. Bu baxımdan Azərbaycan dövləti aktiv fəaliyyət göstərir. Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxışında dövlətimizin bu istiqamətdə prioritetlərini açıqlayıb: "Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir”.
Göründüyü kimi, Türk dünyasının gücləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətdir. Bununla bağlı çoxsaxəli istiqamətində Azərbaycan tərəfindən addımlar atılır. TDT və TÜRKPA ilə sıx iş aparılır. Bakıda TÜRKPA-nın növbəti plenar iclasının keçirilməsi əlamətdar fəaliyyət olaraq qeyd edilməlidir. İclasda aparılan müzakirələr və qəbul olunan qərarlar türk dövlətlərinin gələcək əməkdaşlığının güclənməsinə xidmət etdir.
Dünyada baş verən qlobal hadisələrə artıq tək dövlət deyil, türk dövlətləri olaraq təsir etmək mümkündür. Xüsusən Qərbin bu günkü ikili standart siyasətinə qarşı türk dünyasının mübarizəyə qalxmasının effektiv nəticəsi olacaq. Qərb dövlətləri görünməyən formada türk dünyasına qarşı qaralama siyasəti aparır. Amma görünən formada biz bu qara kampaniyanı Azərbaycan və Türkiyəyə qarşı bir çox hallarda müşahidə edirik. Xüsusən Vətən müharibəsindən sonra bu çirkin siyasət, böhtançı addımlar daha çox özünü göstərir. Burda iki məqam xüsusi qeyd edilməlidir. Əvvəla, müharibə zamanı türk dünyasının iki böyük dövləti-Azərbaycan və Türkiyənin qardaşlıq və həmrəyliyi dünyanaya yeni birlik nümunəsini kimi özünü göstərdi. Bu da türk birliyni istəməyənlərdə çox böyük qısqanclıq yaratdı. Ayrıca Azərbaycanın 30 ildən artıq işğalda qalan torpaqlarını öz gücünə azad etməsi və Şanlı Qələbəsi bizi istəməyənlərin şoka saldı. Ermənistan isə hələ də məğlubiyyətin şokından ayıla bilmir…
Artıq Qarabağ türk dünyasının diqqət mərkəzindədir. Şuşa isə təkcə Azərbaycanın deyil, türk dünyasının da mədəniyyət beyişnə çevrilib. Bu gün beynəlxalq aləmə türk dünyasının ən vacib mesajları elə məhz Şuşada verilir. Xüsusən Şuşada Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə Toplantısının keçirilməsi məsələsi Prezident İlham Əliyev tərəfindən qaldırılmışdır. Artıq bu qərar verilib və gələn ay Şuşada TDT-nın növbədənkənar Zirvə Toplantısı keçiriləcək. Cənab Prezident çıxışında bu tədbirin əhəmiyyətini xüsusi vurğulayıb: "Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur”. Hazırda bütün türk dövlətləri TDT-da birliklərini daha da güclənməsi üçün fəaliyyətlərini davam etdirir. Şuşada bu zirvə toplantısının keçirilməsindən hər bir TDT üzvü məmnunluq hissi keçirir.
Bu il Azərbaycanda türk dünyası ilə bağlı tədbirlər keçirilir. Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Önəmli məsələ türk dünyası ilə bağlı elə məhz işğaldan azad olunan rayonlarda tədbirlərin təşkil edilməsidir. Sevindirici haldır ki, bir sıra türk dövlətləri işğaldan azad olunan rayonlarda məktəb və mədəniyyət mərkəzləri tikirlər. Eyni zamanda türk dövlətlərinin prezidentləri ölkəmizə rəsmi səfərləri zamanı bu yerləri də ziyarət edirlər. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır: "Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişdir”. Azərbaycan hər bir halda türk dünyasının birliyinə çalışır. Bu istək dövlətimizlə yanaşı, xalqımızın da maraqlarına xidmət etdir. Ölkəmizdəki vətəndaş cəmiyyəti də bu baxımdan öz fəallığını artırıb. Bu da türk dünyasının güclənməsinə bir töhfədir.
İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor