Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır!
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti dövründə Azərbaycan xalqı və dövləti üçün etdikləri onun əbədi olaraq Azərbaycan xalqının yaddaşlarında qalmasına səbəb oldu. Hər bir azərbaycanlı bu gün fəxr və qürur hissi keçirir ki, xalq olaraq, dövlət olaraq bizim taleyimizə uca Tanrı Heydər Əliyev kimi dühanı bəxş edib. Heydər Əliyevin əmək fəaliyyətinin böyük bir dövrü - 34 ili Azərbaycan dövlətinə rəhbərlik etməklə tarixə düşmüşdür. İstər sovetlər, istərsə
də müstəqilliyimizi bərpa etdikdən sonrakı dövrdə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi kimi analiz edilməkdə və dəyərləndirilməkdədir.
Bu gün Azərbaycanın ictimai həyatının bütün sferalarında hərtərəfli və dinamik inkişaf, tərəqqi və yüksəliş əldə olunmuşdur. Əlbəttəki ki, bütün bu uğurların bünövrəsində Heydər Əliyev uzaqgörənliyi, zəkası dayanır. Hər birimiz yaxşı bilirik ki, Heydər Əliyevin xalqına olan sevgisi tükənməz idi. Azərbaycan xalqı da bu münasibəti yüksək dəyərləndirmiş, onun dövlətinə xalqına olan sevgisini daim uca tutmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Ölkəmiz normal, stabil bir epoxaya, dövrə qədəm qoydu, ən əsası deyərdim ictimai-siyasi sabitlik bərqərar oldu. Elə bu xidmətləri də Heydər Əliyevə Ümummilli Lider statusunun verilməsində vacib amillərdən hesab edilir.
1993-cü ildə baş verən məlum hadisələrin fonunda Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi, Respublikada özünün ən pik həddinə çatmış vətəndaş qarşıdurması aradan qaldırıldı və ən sonda xalqımız milli qurtuluşa nail oldu. Ulu Öndərin uzaqgörən siyasi təcrübəsinin məhsulu olaraq "Əsrin müqaviləsi” milli neft strategiyasının işlənib hazırlanması Azərbaycana böyük siyasi və iqtisadi dividentlər gətirdi və bizlər bu gün də bu müqavilənin bəhrəsini görməkdəyik. Aparılan məqsədyönlü xarici siyasət və balanslaşdırılmış diplomatik münasibətlər sayəsində Azərbaycanın beynəlxalq əlaqələri genişləndi və Ölkəmiz beynəlxalq arenada müstəqil, qüdrətli və güclü dövlət kimi tanındı. Heydər Əliyev tərəfindən həyata keçirilən xarici siyasi kursun ana xəttini məhz Ermənistan-Azərbaycan arasında olan "Qarabağ münaqişəsi”nin beynəlxalq hüquq normalarına uyğun, sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtilə həll olunması, beynəlxalq müstəvidə münaqişənin reallıqlarının tanıdılması təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində münaqişənin detalları və reallıqları dünya ictimaiyyətinə doğru şəkildə çatdırılır, bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar aparılır, Ermənistanın işğalçı dövlət kimi beynəlxalq aləmdə tanınması və onların işğalçılıq siyasətinin pislənməsi ilə nəticələnən qətnamə və bəyanatların qəbul olunmasına nail olunmuşdur.
Sevindirici və ən xoş hal budur ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənələri və siyasi xətt bu gün Ölkə başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Artıq həyata keçirilmiş məqsədyönlü siaysət nəticəsində Ulu Öndərin ən böyük arzusu reallığa çevrilib. Azərbaycan öz gücü hesabına, döyüş meydanında düşmənin nəfəsini kəsərək tarixi Zəfər qazanıb. Ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Artıq regionda bütün siyasi qərarlar Azərbaycanın siyasi maraqları nəzərə alınmaqla qəbul edilir. Bütün bunlar Azərbaycanın böyük qələbəsi və xalq olaraq xöşbəxtliyinin təməlini təşkil edir!.
Vidadi İsmayılov;
Neftçala rayon ağsaqqalı, Şəhid atası