25 İyun 2023
10:00
235

Ulu Öndər Heydər Əliyev Qarabağ münaqişəsinin həlli istiqamətində mübarizəsi

Ümummilli Lider Heydər Əliyev Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini xarici siyasətimizin əsas prioritetinə çevirmişdir.
Azərbayan tarixinə Ulu Öndər Heydər Əliyevin adı Vətənin və xalqın xilaskarı kimi qızıl hərflərlə yazılıb. 1993-cü ildə hakimiyyətə yenidən gəlməyi ilə Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Həmin zamanlara ölkəninin ictimai-siyasi həyatında olduğu kimi, cəbhədə də vəziyyət ürəkaçan deyildi. Nizami ordu olmadığından gündən-günə cəbhədə vəziyyət gərginləşirdi. Ulu Öndər Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsini xarici siyasətimizin əsas prioritetinə çevirdi. Məhz Ulu Öndərin siyasi nüfuzu sayəsində Ermənistanla atəşkəsin elan olunması mümkün olmuşdur. Ümummilli Lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin Azərbaycana axını başlandı. Bu müraciət bütün ictimaiyyət tərəfindən dəstəkləndi, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu. Beləcə, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Bütün bunlar beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Belə ki, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar aparmışdır. Beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Ermənistanın işğalçılıq siyasətinin pisləndiyini qeyd etmişdir. 1996-cı il 2-3 dekabrda Lissabonda ATƏT dövlət və hökumət başçılarının Zirvə toplantısı 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilib. Qafqaz regionu, xüsusilə Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunan Lissabon sammiti buna görə də Azərbaycan üçün Budapeşt Zirvə görüşündən daha əhəmiyyətli idi. Heydər Əliyev 2 dekabr Zirvə görüşündəki nitqində Ermənistan tərəfinin Qarabağ münaqişəsində məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib. Ulu Öndər zirvə görüşündəki çıxışında Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin göstərilən prinsiplər əsasında aradan qaldırılacağı təqdirdə mütərəqqi nəticələr verəcəyini ifadə edib: "Əminəm ki, münaqişənin BMT nizamnaməsi, ATƏT prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa edəcək, Dağlıq Qarabağın bütün əhalisi üçün ən əlverişli şərait yaradacaqdır”.
Lakin Ermənistan heç də atəşkəsin şərtlərinə tam əməl etmirdi. Davamlı olaraq cəbhədə atəşkəsi pozurdu. Azərbaycan erməni təcavüzünün qarşısını alaraq Vətən müharibəsində şanlı qələbə qazandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ münaqişəsini hərb cəbhəsində həll etdi. Azərbaycan hər zaman olduğu kimi bu gün də Ermənistanla sülh müqaviləsinin bağlanması üçün öz səylərini davam etdirir.

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor