10 May 2023
11:37
118

Ulu öndərimiz Azərbaycanın adı çəkilən şeir və musiqilərini böyük həvəslə dinləyərdi

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ədəbi bədii konsert proqramı təşkil edilib.

Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə qeyd olunub ki,ulu öndərimiz Azərbaycanın tədbirdə adı çəkilən şeir və musiqilərini böyük həvəslə dinləyərdi. Belə musiqilərdən biri də xalq şairi Nəbi Xəzrinin sözlərinə dünya şöhrətli sənətkarımız Müslüm Maqomayevin bəstələdiyi "Azərbaycan” mahnısıdır. Konsertdə ulu öndərin bu mahnı haqqında səsləndirdiyi fikirlərin öz əksini tapdığı videoçarx nümayiş olunub. Videoçarxın nümayişindən sonra həmin mahnı Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Nicat Əhmədovun ifasında tamaşaçılara təqdim edilib.

Təsadüfi deyil ki, ədəbi-bədii gecədə seçilib ifa olunan mahnıların əksəriyyəti ulu öndərin sevdiyi mahnılar olub. Belə sevilən mahnılardan – Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Rafiq Aslanovun ifasında "Alagöz”, həmin fakültənin IV kurs tələbəsi Minayə Yusifovanın ifasında "Ana”, VI kurs tələbəsi, əslən Cənubi Azərbaycandan olan Laçın Mehdipurun ifasında "Küçələrə su səpmişəm”, II kurs tələbəsi Məryəm Nayıbovanın ifasında "Ey Vətən” və III kurs tələbəsi Nihad Salahlının oxuduğu "Ürək deyir yaşa hələ” mahnıları sürəkli alqışlarla qarşılanıb.

Hərbi tibb fakültəsinin VI kurs tələbəsi Nicat Nəsibli, Əczaçılıq fakültəsinin II kurs tələbəsi Sona Əkbərli və Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Ülkər Gülmalıyevanın ifaları, eləcə də universitetin "Şəfa” xalq çalğı alətləri ansamblının və "Çinar” rəqs ansamblının çıxışları da tamaşaçı alqışları ilə qarşılanıb.

Konsertlə bağlı məlumat verən tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, ədəbi-bədii gecə ümummilli liderimiz Heydər Əliyevin səsləndirdiyi bənzərsiz qiraətin – "Azərbaycan” şeirinin təqdimatı ilə başa çatıb.

İslahat.az