Oktyabrın 4-də Heydər Əliyev dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək birbaşa xaricdən yönəldilən qüvvələrin silahlı qiyam yolu ilə dövlət çevrilişinə cəhd göstərdiklərini bəyan etdi, onları ölkənin müstəqillik və suverenliyini qorumaq, zorakılıq və irticanın qalib gəlməsinə yol verməmək naminə bütün imkanlardan istifadə etməyə çağırdı.
İslahat.az "Yeni Gundem”-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva paylaşım edib.
Görkəmli siyasi xadim bu mürəkkəb və ağır vəziyyətdən çıxış yolunu xalqın dəstəyində görürdü. Odur ki, oktyabrın 4-də axşamdan xeyli keçmiş xalqa müraciət etdi. Ulu Öndərin müraciətinə cavab olaraq gecəyarısı yüz mindən çox insan Prezident Sarayının qarşısına toplaşdı. Oktyabrın 5-də isə Azadlıq meydanında bir milyona yaxın insanın iştirak etdiyi Ümumrespublika mitinqi keçirildi.
Beləliklə, ölkədə qiyam və çevriliş yolu ilə hakimiyyətə gəlmək cəhdinin qarşısı qətiyyətlə alındı. Heydər Əliyevin dövlətçiliyi müdafiə etmək üçün göstərdiyi qətiyyət və cəsarət dünya miqyasında təqdir edilir, Azərbaycan dövləti ilə həmrəylik ifadə olunurdu. Xarici ölkələrin Bakıdakı səfirlərinin də qatıldığı izdihamlı mitinqdə çıxış edən Heydər Əliyev bu barədə belə demişdi:
"Azərbaycanda baş verən bu hadisələr bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Dünyanın bütün informasiya orqanları son günlər Bakıdakı vəziyyət və hadisələrlə əlaqədar məlumatlar verirlər. Eyni zamanda, dünya dövlətləri Azərbaycan dövləti ilə həmrəy olduqlarını bildirirlər. Bu gün burada bizim sıralarımızda xarici ölkələrin Bakıdakı səfirləri də vardır. Onlar da bizimlə birlikdə buraya gəliblər. Ona görə də xarici ölkələrin Azərbaycandakı səfirlərinə, diplomatlarının hamısına təşəkkürümü bildirirəm, onları salamlayıram. Bu ağır gündə bizimlə bir yerdə olduqlarına görə minnətdarlığımı bildirirəm”.
Dahi rəhbər Türkiyə ilə əməkdaşlığı genişləndirməklə yanaşı, ümumtürk əlaqələrinin möhkəmlənməsi üçün də ardıcıl səylər göstərirdi. 1994-cü ilin oktyabrında türkdilli dövlət başçılarının İstanbul şəhərində keçirilən II Zirvə toplantısında söylədiyi fikirlər bu gün də aktuallığını saxlayır:
"Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayır, bir-birimizlə daha sıx əlaqədə saxlayır. İndi isə, xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz bu tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
İslahat.az