23 Sentyabr 2023
11:06
279

Uzunmüddətli sülh və sabitliyə doğru

Prezident İlham Əliyev: "Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək”

 Son zamanlar erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində davamlı olaraq terrorlar törədirdilər. Sentyabrın 19-da isə erməni terrorçuları Azərbaycanın Qarabağ bölgəsindəki bir sıra genişmiqyaslı hərbi təxribatlara əl atıblar. Elə həmin gün Azərbaycan Ordusu ermənilərin müxtəlif təxribatlarına Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri ilə cavab verib. Azərbaycanın strateji hədəfi budur ki, erməni hərbi birləşmələri Qarbağdan qeyd-şərtsiz çıxarılmalıdır. Eyni zamanda qondarma rejim buraxılmalıdır. Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı Azərbaycanın cavab tədbirləri bir gündə öz nəticəsini göstərmişdir. Belə ki, erməni hərbi birləşmələri təslim olmaq haqqında Azərbaycana bildiriş vermişdir. 2023-cü il 20 sentyabr tarixində Prezident İlham Əliyevin xalqa müraciətində demişdir ki, antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir: "Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər”.

Antiterror tədbirləri zamanı Qarabağ erməniləri dialoqa dəvət edilmişdir. Bununla bağlı Azərbaycan dövləti tərəfindən rəsmi bildiriş edilmişdir. Hələ bir müddət əvvəl isə ermənilərlə Yevlaxda görüşün keçirilməsi təklif edilmişdir. Lakin ermənilər bu görüşdən imtina etmişdirlər. Amma antiterror tədbirləridən sonra Qarabağ erməniləri sentyabrın 21-də Yevlaxda görüş üçün razılıq vermişlər. Prezident İlham Əliyev bu haqda da danışaraq birbaşa dialoq üçün lazımi addımların atıldığını bildirib. "Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə hazırdırlar”, - deyə dövlətimizin başçısı əlavə edib. Yeri gəlmişkən, ötən gün Yevlaxda Qarabağın erməni sakinləri ilə görüş keçirlib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunan görüşdə gələcək ilə bağlı olan dövlətimizin baxışları çatdırılıb. Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib: "Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb. Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib”.

İstər Vətən müharibəsi günlərində, istərsə də 19 sentyabrda keçirilən lokal antiterror tədbirləri zamanı Azərbaycan tərəfi mülki əhalini hədəf almamışdır. Buna görə də rəsmi Bakı erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması ilə bağlı müxtəlif formalı çağırışlar edilmişdir. Prezident İlham Əliyev demişdir ki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır: "Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək”.

 Azərbaycan hər zaman bölgədə sülh və sabitliyə nail olmağa çalışır. Bunun da yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən tərkisliah olunaraq tamamilə çıxarılmasıdır. Cənab Prezidentin dediyi kimi, Cənubi Qafqazda yeni reallıq yaranacaq, uzunmüddətli sülh yaranacaq: "Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq”. Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Müzəffər Azərbaycan Ordusunun bir günlük antiterror tədbirləri ilə Azərbaycan ərazi bütövlüyünü tam təmin etmiş oldu.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu