01 Sentyabr 2026
10:02
218

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

"Azərbaycanın sülh gündəliyi aydındır, konkret məqsədlərə əsaslanır və ən başlıcası, Bakı bu gündəliyi yalnız siyasi bəyanatlarla deyil, real addımlarla həyata keçirir. Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində keçirilən görüşü də məhz bu reallığın növbəti təsdiqidir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib. 

Onun fikrincə, görüş bir daha onu sübut etdi ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda yeni siyasi mərhələnin əsasını qoyub.

"ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamə, eləcə də "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması artıq sülh prosesinin hüquqi və siyasi çərçivəsini formalaşdırıb”, - Ş.İsmayılov vurğulayıb.

Bununla belə deputat hesab edir ki, Bakı üçün sülh yalnız sənəd imzalamaq demək deyil:

"Azərbaycanın mövqeyi əvvəldən bəllidir. Dayanıqlı sülh üçün regionda gələcək münaqişə risklərini yaradan bütün siyasi və hüquqi maneələr aradan qaldırılmalıdır. Vaşinqton razılaşmaları bu istiqamətdə mühüm dönüş nöqtəsi olsa da, sülh gündəliyinin bütün məsələlərinin hələ tam həll olunduğunu söyləmək mümkün deyil. Bu baxımdan əsas məsələlərdən biri Ermənistanın hüquqi-siyasi sistemində Azərbaycana qarşı ərazi iddialarına imkan verən müddəaların aradan qaldırılmasıdır. Ermənistan Konstitusiyasında və siyasi-hüquqi sənədlərində mövcud olan bu ziddiyyətlərin aradan qaldırılması Bakı üçün gələcək sülhün etibarlı təminatlarından biridir. Bakı bəyan edib ki, Konstitusiyaya dəyişiklik edirlərsə, yekun sülühn imzalanması üçün heç bir problem yoxdur. Çünki sülh müqaviləsinin imzalanması qədər onun gələcəkdə siyasi revanşizm və hüquqi manipulyasiyalar nəticəsində sual altına düşməməsi də vacibdir. Bu istiqamətdə isə hələlik konkret nəticə ortada deyil.

Digər mühüm məsələ Vaşinqton Sülh Zirvə görüşünün əsas nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsinin həyata keçirilməsidir. Bişkekdə liderlərin bu layihə ilə bağlı növbəti praktiki addımları müzakirə etməsi göstərir ki, artıq siyasi razılaşmaların konkret infrastruktur və bağlantı layihələrinə çevrilməsi mərhələsi başlayır.

TRIPP yalnız Azərbaycanla Ermənistan arasında nəqliyyat bağlantısı məsələsi deyil. Bu layihə daha geniş geosiyasi və geoiqtisadi məna daşıyır”.

O əlavə edib ki, Azərbaycan isə öz növbəsində sülhün yalnız gələcəkdə əldə ediləcək nəticələrini gözləmir, onun dividendlərini artıq bu gün yaratmağa başlayıb: "Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər yüklərin Azərbaycan ərazisindən Ermənistana tranzitinin təmin olunması Bakının real siyasətinin ən mühüm göstəricilərindən biridir. Bu da etimad mühitinin yaranması və yekun sülühn əldə olunmasında çox böyük siyasi əhəmiyyət daşıyır. Çünki uzun illər qarşıdurma, blokada və qarşılıqlı etimadsızlıq şəraitində yaşayan iki ölkə arasında iqtisadi əlaqələrin formalaşdırılması artıq sülhün praktik məzmun alması deməkdir. Azərbaycan göstərir ki, sülh onun üçün yalnız diplomatik termin deyil. Bakı regionda iqtisadi inteqrasiyanın, ticarətin, enerji əməkdaşlığının və nəqliyyat əlaqələrinin inkişafında maraqlıdır.

Başqa sözlə, Azərbaycan sülhün siyasi deyil, iqtisadi fundamentini də formalaşdırmağa başlayıb. Məhz iqtisadi qarşılıqlı asılılıq gələcəkdə müharibə risklərinin azalmasının ən mühüm vasitələrindən biri ola bilər. Ermənistan üçün Azərbaycan ərazisindən tranzit imkanlarının açılması, Azərbaycan üçün yeni regional iqtisadi əlaqələrin yaranması, biznes dairələri arasında təmasların genişlənməsi və enerji əməkdaşlığının mümkün perspektivləri qarşıdurma modelini əməkdaşlıq modeli ilə əvəz edə bilər”.

Deputat vurğulayıb ki, Bişkek görüşündə parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasların, etimad quruculuğu prosesinin də xüsusi vurğulanması təsadüfi deyil: "Sülh yalnız dövlət başçılarının imzaladığı sənədlərlə möhkəmlənmir. Cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşması, düşmənçilik stereotiplərinin aradan qalxması və yeni münasibətlər mədəniyyətinin yaranması da ən az siyasi razılaşmalar qədər əhəmiyyətlidir.

Bişkek görüşü bu mənada yekun sülh istiqamətində növbəti mühüm addım kimi qiymətləndirilə bilər. Bu baxımdan Bişkekdə İlham Əliyevlə Nikol Paşinyanın görüşü adi diplomatik təmas deyil. Bu, Vaşinqtonda başlanan prosesin davamı, əldə olunmuş siyasi razılaşmaların konkret nəticələrə çevrilməsi istiqamətində növbəti mərhələdir. İndi əsas məsələ Ermənistanın da sülh prosesinə eyni siyasi məsuliyyət və konkret addımlarla yanaşmasıdır.

Bişkek görüşünün əsas mesajı da məhz budur: sülh üçün tarixi imkan yaranıb, Azərbaycan bu imkandan istifadə etmək üçün real siyasət yürüdür və indi növbəti addımların atılması növbəsi Ermənistanındır”.