03 Oktyabr 2022
09:59
17029

Vətən müharibəsinin böyük qələbəsi: Cəbrayıl Azərbaycandır!

2020-ci il Azərbaycan tarixində heç bir zaman unudulmayacaq, qürurlu bir tarix kimi şanlı səhifələrə həkk olundu. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdi və ölkəmizin ərazi bötüvlüyünü bərpa etdi.

Əlbəttə ki, bu qələbənin qazanılmasında xalqımızın ordumuza olan güvəni, onların yanında olması və "Dəmir yumruq” kimi birlik nümayiş etdirməsi də mühüm rol oynadı. Azərbaycanın tarixi qələbəsi müasir hərb tarixinin ən parlaq qələbələrindən biri kimi dünyada qəbul olundu.

Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərləri, Xocalı, Laçın və Xocavənd rayonlarının bir hissəsi, yüzlərlə qəsəbə və kəndlərimiz, strateji əhəmiyyətli Hadrut qəsəbəsi, Talış və Suqovuşan kəndlərini işğaldan azad etdi, 30 illik həsrət bitdi.

Müharibənin gedişində ilk və ən vacib qələbələrdən biri Cəbrayılın işğaldan azad edilməsi oldu. 27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandan tərəfindən verilən ilk müjdəli xəbərlər zamanı artıq addım-addım Cəbrayıl şəhəri və ətraf kəndlərinin tezliklə işğaldan azad olunacağının müjdəçisi idi.

Hələ 2016-cı ildə "Aprel döyüşləri” zamanı Lələtəpə yüksəkliyi və Cocux Mərcanlı kəndinin azad olunması tezliklə Cəbrayıl və digər ərazilərimizin də qısa zamanda azad ediləcəyinin siqnalı oldu.

1993-cü ildə Cəbrayıl işğal olunduqdan sonrakı 30 ilə yaxın müddət ərzində işğal edilən ərazilər, orada yerləşən evlər, binalar, tarixi məkanlar, abidələr, bir sözlə demək olar ki hər yer düşmən tərəfindən viran edildi. İşğal müddətində və işğaldan sonra aparılan araşdırmalar nəticəsində Cəbrayıl şəhəri və kəndlərinə dəyən ziyanın ilkin miqdarı 14 milyard dollara yaxın olduğu müəyyən edilib.

2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Səfər zamanı Ali Baş Komandan tezliklə bütün ərazilərimizdə olduğu kimi, Cəbrayılda da bərpa işlərinin reallaşacağı və Cəbrayıl sakinlərinin öz torpaqlarına qayıdacağını xəbərini çatdırdı.

2021-ci il 4 oktyabrda Prezidentin Cəbrayıla növbəti səfəri zamanı İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, görülən işlərlə tanış olub.

Qeyd etməliyik ki, bugün Cəbrayılda bərpa-quruculuq işləri sürətli şəkildə davam etdirilir.

Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur. Cəbrayıl bizimdir, Cəbrayıl Azərbaycandır!

 

Rəşad Bayramov

"İctimai.az” İnformasiya portalının rəhbəri

Yeni Azərbaycan Partiyasının üzvü, YAP Nəsimi rayon təşkilatı ƏPT sədr müavini