18 Mart 2024
13:00
258

Xoş gəldin, Novruz bayramı!

Prezident İlham Əliyev: "Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram”

 Novruz bəşəriyyət tarixində ən qədim bayramlardan biridir və bu bayram dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda yaz bərabərliyi günündə qeyd olunur. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir.

Qədim fars dilindən "Novruz” "yeni gün” deməkdir. Bayramın tarixi həmişə Günəş təqvimi ilə müəyyən edilən illik yaz bərabərliyi gününə "bağlanır”. Bu yaz bayramı ümummilli xarakter alıb və müxtəlif millətlərin nümayəndələrini birləşdirir.

Novruz bayramı baharın gəlişini simvollaşdırır. Türk xalqlarının hər birinin bu bayramla bağlı özünəməxsus əlamətləri və adət-ənənələri var. Məsələn, azərbaycanlılar arasında yazın yaxınlaşmasının ilk əlaməti səməni (cücərmiş buğda) olur. Toxumları evdə yetişdirməyin daha yaxşı olduğuna inanılır, bu, bolluq və firavanlıq cəlb edəcəkdir, deyə düşünülür.

Novruz bayarmı təbiətin yenilənməsinin və yeni ilin başlanğıcının təcəssümüdür. Adətə görə, bu gün erkən dururlar və mütləq şirin bir şey yeyirlər və imkanı varsa su üstə gedirlər. Daha sonra qohum-əqraba bir-birlərinin evlərinə gedib bayramlaşırlar. Həmçinin Novruz bayramında tonqal qalanır. "Ağırlığım, uğurluğum odlara” deyib odun üzərindən atdanılır. 

 Novruz istisnasız olaraq hamıya xoş əhval-ruhiyyə bəxş edir. Adətən bayaram ərəfəsində müxtəlif tədbir, şənlik və layihlər təşkil edilir. Xatıladaq ki, 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü "Hərəyə bir ağac əkək” kampaniyası ilə başlanmışdır. Kampaniya bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə - Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir.

Novruz bayramı Azərbaycanda ən vacib və ən sevimli bayramlardan biridir. Novruz, əsasən, müsəlman ölkələrində qeyd olunsa da, bu, heç də dini bayram deyil, təbiətin yeniləşməsini simvolizə edir. 2009-cu ildə Novruz YUNESKO-ya bəşəriyyətin qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmişdir. Qeyd etmək istərdik ki, hələ Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev Sovet hakimiyyətinin qadağan edtməsinə baxmayaraq, milli ruhun yüksəlməsinə kömək edən amillərə xüsusi hörmətlə yanaşmış, Novruzun qədim köklərə malik olduğunu və Azərbaycan xalqının qəlbində əbədi yaşadığını vurğulamışdır: "Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Ümummilli Lider Heydər Əliyev bu bayramın respublika miqyasında yüksək səviyyədə keçirilməsinə də nail olub və bu gün bu bayram çox möhtəşəm keçirir, bütün respublika, dünyanın müxtəlif yerlərində yaşayan bütün azərbaycanlılar qeyd edir. Bunu xarici ölkələrdə Novruz bayramı ilə bağlı soydaşlarımızın keçirdikləri bayram mərasimi əyani sübut edir. Qeyd edək ki, Novruz bayramının diasporumuz tərəfindən də qeyd etmək artıq ənənəyə çevrilib. Bahar bayramının hazırlanmasında və keçirilməsində Azərbaycan diasporu çox böyük fəallıq göstərir. Belə tədbirlərdə adətən milli yeməklərin sərgisi təşkil olunur. Milli diaspor nümayəndələri ənənəvi şirniyyatlar nümayiş etdirirlər. Hər şey sevgi və hörmətlə edilir - geyimlər tikilir, milli xörəklər hazırlanır. Ətirli nemətlərdən ibarət təmtəraqlı süfrə, milli xörəklərlə süfrəyə verilmiş, səməni, rəngli yumurtalar – əcnəbiləri Azərbaycan xalqının zəngin mədəniyyəti ilə tanış edir. Ümumiyyətlə, Novruz bayramı ilə bağlı xarcdə keçirilən bütün tədbirləri əcnəbilər də maraqla qarşılayırlar.

 Diaspor sədirləri də Novruz bayramını təbrik edirlər. Onlar tarixi vətənlərindən uzaqda yaşayaraq adət-ənənələrimizi, dilimizi, mədəniyyətimizi qoruyub saxlamağa çalışdıqlarını qeyd edirlər. Onlar dostluq və harmoniya şəraitində yaşadıqları ölkələrin rəsmi qurumlarını, yerli xalqı da bayram tədbirlərinə dəvət edirlər.

Novruzun özünəməxsus ab-havası var. Bu, çoxəsrlik ənənələri, maraqlı adətləri olan bayramdır. Diasporumuz tacik, özbək və tatar milli mədəniyyət mərkəzi ilə də Novruz tədbirləri keçirir, konsert proqram təşkil edirlər. Bu tədbirlərdə türk xalqları mədəniyyətimizin zənginliyini səxavətlə bölüşürlər.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Artıq işğaldan azad olunan ərazilərə Böyük Qayıdış başlayıb. Qarabağda bayram tonqalının yaradılması hər bir soydaşmızı qürurlandırır. Qarabağa yenidən Novruz ab-habası yaradılıb. Prezident İlham Əliyev 2021-ci ilin 20 martında Şuşadan dünya azərbaycanlılarına etdiyi Novruz bayramı təbirikində demişdir: "Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm”. Həmin il Novruz bayramının Qarabağda da qeyd edilməsi çox əlamətdar oldu. Çünki 30 ildən artıq idi ki, xalqımız qəlbində Qarabağ niskili ilə bayram keçirirdi. Lakin 2021-ci ilin Novruz bayramını qalib xalq olaraq keçirdik.    

Bu bayram qədim tarixə malikdir və türk xalqarı arasında böyük sevgi ilə qeyd olunur. Yaz bayramı ənənəvi olaraq bütün türk millətlərinin nümayəndələrini birləşdirir. Ona görə də Novruzu bütün türk xaqları gözləyir. Bahar bayramı hər şeydən əvvəl xalqların dostluğunu, sülh içində yaşamağını həmrəylik, hörmət və məhəbbətdə simvollaşdırır.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi