20 Fevral 2024
21:44
332

“Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi” layihəsi uğurla yekunlaşdı - Fotolar

"Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi” layihəsi Zəngilan rayonu 33 saylı tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində ötən ilin oktyabr ayından bu ilin fevral ayına kimi icra edildi.
Layihənin məqsədi sosial inklüziya "alət”lərindən istifadə etməklə sosial problemli, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən, yaxud müxtəlif sosial səbəblərdən dəstək göstərilməsi tələb edilən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi və bu yolla onların cəmiyyətə daha sıx və effektiv inteqrasiya olunması idi.
Layihə çərçivəsində seçilmiş məktəbli qrupları arasında xüsusi bacarıqların inkişaf etdirilməsi üçün geniş məlumatları yayıldı, onların arasından istedadlılar seçildi, həmin qruplarla özəl bacarıqlarının inkişaf etdirilməsi üzrə öyrədici təlimlər və xüsusi kurslar təşkil edildi. Əsas təlim istiqamətləri taxtada oyma, muncuqlardan formalar, şüşə üzərində işləmələr, toxuma və daş və kağız üzərində rəsmlər oldu. Layihənin icrasını yerinə yetirən işçi qrupu tərəfindən sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələr sırasından da qrup formalaşdı və onlarla sosial inklüziya vasitəsi ilə dəstək işləri aparıldı. Bunlar sırasında özəl olaraq, art terapiyadan istifadə edildi. Layihənin işçi qrupuna daxil olan art terapiya mütəxəssisinin iştirakı ilə psixoloji reabilitasiyaya təlimə cəlb edilmiş uşaqlara art terapiya seansları və əl işlərini özündə birləşdirən xüsusi kurslar təşkil olundu.
Fevral ayında layihə üzrə əldə edilmiş uğurlar və nəticələr haqqında geniş məlumatlandırma məqsədi ilə layihənin yekun mərhələsində ictimai müzakirələr üzrə seminarlar təşkil olundu. Zəngilan rayonu 33 saylı tam orta məktəbinin yerləşdiyi ərazidə aidiyyatı hədəf qrupuna daxil olan uşaqlar və onların valideynləri, məktəb müəllimləri, eləcə də müvafiq ictimai birlikləri və ekspertlərinin iştirakı ilə keçirilən seminarların əsas məqsədi layihənin benefisiarların mövcud problemlərinə geniş ictimaiyyətin diqqətini yönəltmək və həmin kateqoriyadan olan yeniyetmələrin istedadlarını üzə çıxarmaqla bərabər onların inkişaf etdirilməsinə dəstəyin verilməsinə nail olmaq idi.
Layihənin yekununda isə məktəbdə layihəyə cəlb edilən uşaqların əl işlərindən ibarət "İstedadları tanıyaq” sərgisi təşkil edildi. Sərgidə həmçinin layihədə iştirak edən fəal dinləyicilər müvafiq sertifikatlarla təltif olundular.