03 Avqust 2023
15:39
306

Yeni model strategiya

Prezident İlham Əliyev "Euronews” televiziya kanalına verdiyi müsahibə informasiya savaşının əsas konturlarını təşkil etməklə milli mətbuatımızın fəaliyyətinə istiqamət verib.
Regionda Ermənistan-Azərbaycan münaqişəsi, sülh danışıqları ilə bağlı hazırkı vəziyyət daima aktualdır. Son zamanlar tərəflər arasında görüşlər intensivləşib. Prezident İlham Əliyevin mövzu ilə bağlı çıxışlarında dəfələrlə qeyd ediyi kimi, Azərbaycan 2020-ci ildən bəri öz mövqeyində haqlı olaraq israrlıdır. Azərbaycan davamlı sülhün təşəbbüskarı və ardıcıl tərəfdarı olmaqla yanaşı, milli və dövlət maraqları qorunmaqla öz mövqeyindən bir addım belə geri çəkilən deyil. Prezident İlham Əliyev 22 iyul tarixində Şuşada "Euronews” televiziya kanalına verdiyi müsahibəsində əsasən bu mövzu haqqında danışıb: "2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi. Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq”. Bununla Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Cənab Prezidentin dediyi kimi, onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.
10 noyabr Bəyanatına görə Rusiya sülhməramlı kontingentinin Qarabağa gəlişi ilə paralel olaraq erməni hərbi birləşmələri oradan çıxarılmalı idi. Lakin bunun tam əksini baş verdi. Erməni separatçıları gündən-günə Qarabağda möhkəmlənmək üçün orada istehkamlar qururdular. Eyni zamanda ora silah-sursat daşıyırdılar. Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərəhəd-buraxılış məntəqəsini yaratmaqa sepatatçıların bu cür qanunsuz əməllərinin qarşısı aldı, artıq onları silah-sursat daşımaq üçün yolları bağlanıb. Müsahibədə bu məsələyə toxunan cənab Prezident deyib ki, Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb: "Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib”. Dövlətimizin başçısı, həmçinin Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri aşkar olunduğunu da qeyd edib: "Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir”. Bununla Azərbaycan terrorizmlə mübarizədə daha bir qətiyyətli atmış oldu. Bu, həm də Azərbaycan tərəfindən terrorçuların ərazilərimizdən çıxarılması üçün növbəti xəbərdarlıqdır. Artıq onlar bunu qəbul ediblər, çünki bilirlər ki, cavab tədbirləri həyata keçiriləcək. Bu proseslər də Azərbaycanın yeni uğurlarının növbəti mərhələsi olaraq tarixə düşəcək. Bu baxımdan Prezident İlham Əliyev müsahibədə Ermənistandakı ermənilərə də önəmli mesaj verib: "Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı”.
Vətən müharibəsi günlərində Azərbaycan tərəfindən diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Cənab Prezident eyni fəaliyyətini bu gün də davam etdirir. Dövlətimizin başçısı "Euronews” televiziya kanalına verdiyi müsahibə informasiya savaşının əsas konturlarını təşkil etməklə milli mətbuatımızın fəaliyyətinə istiqamət verib. Müzəffər Ali Baş Komandanın bu kimi müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər.

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent