02 Fevral 2024
12:52
275

Yetişən vətənpərvər gənclik

Prezident İlham Əliyev: "İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər”

Dünya müasirləşir, İKT inkişaf edir. Azərbaycanda gənclər bir çox məsələlərə daha kreativ yanaşırlar. Gənclərin yeni ideyaları Azərbaycanda müxtəlif sahələrdə tətbiq olunur. Son dövürlər elektronla xidmətlərin tətbiqi ilə bağlı ciddi addımlar atılıb. Əksər sahələr  elektronlaşıb. Dünyada qabaqcıl ideyaların ölkədə tətbiq oluması prosesində, bunların ictimailəşməsi və maarifləndirmənin aparılmasında gənclər də iştirak edirlər. Gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritetidir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə böyük imkanlar açılıb. Gənclərin bütün istiqamətlərdə inkişafı sosial, iqtisadi  və mədəni inkişafını daha  da inkişaf etdirib. Gənclərin sosial-hüquqi müdafiəsi, təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı maraqlı layihələr həyata keçirilib. Xatırladaq ki, Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası gənclərinin II Forumunda çıxış edərək gənclərə belə müraciət edib: "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.

Gənclərin sosial problemləri – gənc ailələrin evlə təmin edilməsi, gənclər üçün yeni iş yerlərinin açılması, gənclərin təhsil, cəmiyyətə inteqrasiya və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin edilməsi məsələsi daima aktualdır. Gənclər uçun ipoteka, gənclər uçun güzəştli kreditlər, elektron  resursların genişləndirilməsi, regionda məşğulluq məsələsi, gənclərlə bağlı informasiya portalı, regionlarda informasiya dayaq, gənclər televiziyasının yaradılması, təhsil almaq üçün uzun müddətli faizsiz kreditlərin verilməsi və s. bu kimi məsələlər üzərində iş gedir. Prezident İlham Əliyev deyib ki, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər: "Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.

Cənab Prezident gəncləri daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının müvafiq sərəncamları ilə gənclərin rifahına xidmət edən bir sıra Dövlət Proqramlar icra edilib. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər təsdiq edilmişdir: "Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”. Bu Dövlət Proqramlarının məqsədi gənclər sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, onların iqtisadi proseslərdə fəal iştirakının təmin edilməsidir. Həmçinin gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının gücləndirilməsi, gənclərin fəaliyyəti üçün zəruri infrastrukturun inkişafı, gənclər arasında sağlam həyat tərzinin təbliği və neqativ halların profilaktikası, gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsi, gənclərin sosial müdafiəsi, yeni nəsil və müasir çağırışlar və s. qeyd etmək olar. Diqqət çəkən məqam odur ki,  Dövlət Proqramlarının hazırlanmasında gənclərin yaxından iştirakı təmin edilib, onların fikir və təklifləri proqramda yer alıb. Çünki Dövlət Proqramları hazırlanarkən işçi qrupu yaradılıb.  Həmin işçi qrupu gənclərimizin bütün təkliflərini dinləyib. Bütün bu məsələlər də Dövlət Proqramlarında öz əksini tapıb. Hər bir təklif Azərbaycan gənclərinin gələcək həyatında mühüm rol oynayır. Dövlət Proqramlarında əksini tapan məsələlər ölkəmizin inkişafına xidmət edir.

Qeyd edilən Dövlət  Proqramların ən üstün cəhətlərindən biri ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan vermiş olub. Eyni zamanda proqramlar uzaq perspektivdə gənclər üçün hər bir sahədə yeni imkanlar açıb.  Gənclərmiz bu proqramladan bir sıra üstünlüklər əldə edib. Bu proqramların hazırlanması üçün sərəncamların verilməsi cənab Prezidentin gənclərə verdiyi dəyərin və sevginin göstəricisidir. Bu səbəbdən də gənclər hər zaman cənab Prezidentin arxasında möhkəm dayanıb. Vətənpərvər gənclərin ölkəmizin ictimai həyatında aktiv rol oynaması bu proqramlardan sonra daha da artıb. Çünki Dövlət Proqramları  birbaşa olaraq vətənpərvər və eyni dərəcədə müasir düşüncəli gənclərin yetişməsi və Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakına böyük dəstək olub. Məhz bu yetişən vətənpərvər gənclik II Qarabağ müharibəsində öz şücaətini göstərib.

İbrahimova Gülzar İsaxan qızı,

 Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor