Regionun ən iri mebel və elektronika mağazalarından birinə çevrilmiş "İdeal Mebel”in uğur hekayəsi sadəcə biznesin deyil, həm də bir insanın əzmkarlığının, dürüstlüyünün və zəhmətinin nağılını xatırladır. Strateji.az saytı olaraq "İdeal Mebel” brendinin arxasında duran şəxs – Zamiq Cəbrayılovla həm biznes yolçuluğu, həm də həyat fəlsəfəsi haqqında danışdıq.
– Zamiq bəy, bu gün siz regionun ən böyük mağazalarından birinin sahibisiniz. Bu yola necə başladınız?
– Mənim yolum çox kiçik bir mağazadan başlayıb. İlk dövrlərdə hər şey olduqca çətin idi. Bəzən gecə-gündüz işləməli olurduq, bəzən itkilər yaşanırdı. Amma heç vaxt inamımı itirmədim. Əsas prinsipim dürüst və ədalətli olmaq idi. Mən inanıram ki, dürüst çalışan insan heç vaxt uduzmur – bəzən qalibiyyət gec gəlsə də, mütləq gəlir.
– "İdeal Mebel” bu gün təkcə mebel mağazası kimi deyil, həm də bir xidmət nümunəsi kimi tanınır. Bu uğurun sirri nədədir?
– Biz hər zaman çalışmışıq ki, müştəri məmnuniyyətini əsas prioritet kimi götürək. Sadəcə mebel satmırıq – biz münasibət, keyfiyyət və xidmət təqdim edirik. Son illərdə məişət texnikası sahəsinə də keçid etdik. Artıq soyuducu, tozsoran, televizor kimi bir çox məhsul çeşidini təqdim edirik. Mütəmadi yeniliklər, müasir yanaşmalar bizim gücümüzü artırır.
– Uğurlarınız sadəcə satışla bitmir. Bildiyimiz qədərilə bir sıra nüfuzlu mükafatlara da layiq görülmüsünüz.
– Bəli, bu illər ərzində əldə etdiyimiz nəticələr bizi "Brand of Azerbaijan”, "Celebrity Awards”, "Selected People Awards”, "Xəzinə” beynəlxalq mükafatlarına da gətirib çıxardı. Bu mükafatlar mənim üçün sadəcə ad və ya status deyil. Onlar illərlə çəkilən zəhmətin, çətinliklərin və nəticədə əldə olunan etimadın simvoludur.
– Hazırda yeni bir layihəyə də başladığınızı bilirik. Bu haqda nə deyə bilərsiniz?
– Bəli, hazırda "İdeal Media SMM” layihəsi üzərində işləyirik. Bu layihə çərçivəsində sosial media, videoçəkiliş və hədəfli reklam sahəsində fəaliyyət göstəririk. Hədəfimiz təkcə özümüzü yox, digər biznes sahiblərini də rəqəmsal dünyaya daha effektiv şəkildə daşımaqdır.
– Sonda gənc sahibkarlara nə demək istərdiniz?
– Ən vacibi – qorxmayın! Çətinliklər sizi qorxutmasın. Yolunuzda mütləq səhvlər olacaq, amma hər səhv sizi bir addım irəli aparacaq. Ən əsası isə – dürüst və səmimi olun. Mənim bu günə gəlib çıxmağımın əsas səbəbi məhz dürüstlük prinsipimə sadiq qalmağımdır.
//Nəzərbəy Hacıağayev, Strateji.az