23 İyun 2023
17:32
124

Zəfər yolunun uğurlu davamı - Anar Məmmədov

1993-cü il iyunun 15-nə kimi Azərbaycanda baş verən ictimai-siyasi proseslər respublikanı böhran vəziyyətinə, parçalanmaq səviyyəsinə və müstəqilliyin itirilməsi həddinə gətirib çıxarmışdı. Ölkə idarəedilməz vəziyyətə salınmışdı. Hər kəs istədiyi kimi öz problemlərini həll edirdi. Öz ətrafına qeyri-qanuni silahlı dəstələr toplayan siyasi qruplaşmalar hakimiyyət uğrunda mübarizəni yenidən qızışdırmışdı. Azərbaycan dünya xəritəsindən silinmək üzrə idi. Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi – psixoloji sarsıntıdan qurtarmaq üçün xalq Öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Səbir kasası dolmuş xalq qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb edirdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu böyük təcrübəyə malik görkəmli dövlət və siyasi xadim, Azərbaycanın böyük oğlu Heydər Əliyevin şəxsində görürdü. Ümummilli Lider xalqın təkidli tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993-cü ilin iyununda Bakıya qayıtdı. Həmin ilin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Prezident seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqil dövlətçilik tarixinin yeni səhifəsi açıldı.

Heydər Əliyev Bakıya qayıdıb vətəndaş müharibəsi təhlükəsini sovuşdurmaq məqsədi ilə Milli Məclisin təklifini qəbul etdi və iyunun 15-də onun sədri seçildi. 15 iyun 1993-cü il Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın tarixi müqəddəratını həll etdi. Vətəndaş müharibəsinin qarşısı alındı, torpaqların işğalı dayandırıldı, respublikanın parçalanması təhlükəsi aradan qaldırıldı. Azərbaycan xalqı hakimiyyətə Heydər Əliyevi çağırmaqla ümidlərinin doğrulduğunu və respublikanı gələcəyə inamla aparan yeganə liderinə daha çox etimad və etibar etdiyini göstərdi. 15 iyundan sonrakı dövrlərdə respublikanın müxtəlif yerlərindən Prezident Aparatına, Milli Məclisə və digər dövlət orqanlarına göndərilən məktublarda, müraciətlərdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması gününü – 1993-cü il iyunun 15-ni Azərbaycan xalqının Milli Qurtuluş günü elan edilməsi xahiş olunurdu. Azərbaycan Respublikasının Milli Məclisi bütün təklif və müraciətləri nəzərə alaraq, 1997-ci il 27 iyun tarixli iclasında deputatların təklifi ilə Azərbaycan dövlətçiliyinin müqəddəratı tarixində taleyüklü əhəmiyyəti olan 15 iyun gününü Milli Qurtuluş günü elan etdi.

Məhz Ali Sovetin sədri Heydər Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə ölkədə yeni idarəçilik mühiti, eləcə də ictimai-siyasi sabitlik hökm sürməyə başladı. Ulu öndər Heydər Əliyev gecə-gündüz bilmədən Azərbaycan dövlətçiliyini qorumağa, ölkəmizin başını almış qara buludları dağıtmağa başladı. Beləliklə, dahi şəxsiyyətin idarəçilik bacarığı, əzmkarlığı və qətiyyəti sayəsində qısa zaman ərzində mühüm dəyişikliklərə nail olundu. Siyasi iradə, bilik və bacarıq, praqmatik düşüncə qabiliyyəti, müdriklik, uzaqgörənlik, uzun illərin uğurlu təcrübəsi, şəxsi nüfuzu və s. keyfiyyətləri sayəsində Azərbaycan güclənməyə, üzləşdiyi fəlakətləri dəf etməyə və qarşısına hədəflər müəyyənləşdirməyə başladı

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə görülən bu və digər tədbirlər nəticəsində ölkə qarşısında duran vəzifələr uğurla icra edildi və Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran burulğanından çıxarmağa, Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasına nail oldu. Onun parlaq zəkası sayəsində iki əsrin və iki minilliyin kəsişməsində Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoydu. Ona görə də xalqımız haqlı olaraq ölkəmizin bugünkü uğurlarını, sabitlik və firavanlığı məhz Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirir. Ölkəmizin bugünkü yüksək inkişafı və tərəqqisi Heydər Əliyev ideyalarından güc alır, qurtuluş məfkurəsinə istinad edir.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı uğurlu inkişaf etdirəcək, ölkəmizi dünya dövlətləri sırasında layiqli zirvələrə daşıyacaq və ötən illərdə başlanılmış böyük layihələri, genişmiqyaslı islahatları müvəffəqiyyətlə həyata keçirəcək uğurlu lideri yetişdirmək olmuşdur. 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – tarixi xitabına Azərbaycan xalqının heç bir tərəddüd etmədən dəstək verməsi həm də qurtuluşdan başlanan möhtəşəm zəfər yolunun uğurla davam etdirilməsi anlamına gəlirdi.

Ən mühüm məqam isə Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Bir sözlə, 24 iyun 1993-cü ildən başlanan müasir dövlətçilik yolumuz bu gün də Ulu Öndərin ideyaları ilə davam etdirilir.

Anar Məmmədov

Milli Məclisin deputatı

İslahat.az