Bu gün Azərbaycan dövlətinin, xalqımızın rifahı və inkişafı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm və bəşəri dəyərləri özünə rəhbər tutmaqla, mənsub olduğu xalqın kiçikdən-böyüyə hər bir fərdinin sevimlisinə çevrilən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür...
Bu əlamətdar gündə Mehriban xanımı xalqımızın sevimlisinə çevirən məqamlarla bağlı hər bir azərbaycanlının səmimi düşüncələrinin səsi olmağı özümüzə borc bildik...
Çünki təkcə bir xalqın mənəvi dəyərlərini, onun varlığının əsaslarını, təmsil etdiyi yüksək keyfiyyətləri özündə birləşdirə bilən şəxslər həmin xalqın ən dəyərli nümayəndələrinə çevrilə bilər. Xalqın arasından çıxıb onun mədəniyyət və tarixinə sahib çıxan, bu dəyərləri layiqincə təmsil edən və onları öz fəaliyyətində rəhbər tutanlar məhz bir gün xalqı təmsil etmək hüququ qazanır. Xalq bu hüququ yalnız ona xidmət yolunda yorulmadan çalışan, atdığı hər addımı, hər şəxsi uğuru xalqın sevgisinə, uğuruna çevrilən insanlara verir.
Belə olan halda Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı Azərbaycan xalqının layiqli təmsilçisi, onun milli-mənəvi dəyərlərinin, tarixinin təbliğatçısı, gələcək nəsillərə qüdrətli Azərbaycan ideallarının ötürülməsində müstəsna xidmətləri olan tamhüquqlu bir fərdi adlandırmaq olar.
Bir xalqın qəlbində özünə yer tapmaq, onun həm qürur duyduğu bir fərdi, həm gələcəyini təmin edəcək siyasi fikirlərin tətbiqində yer alan siyasətçisi, həm də keçmişinə və gələcəyinə işıq tutan ziyalısı olmaq artıq tarixin şanlı səhifələrində o xalqla birgə yer almaq deməkdir.
Bəli, tarixdə yer ala bilmək, bəlkə də bəzi hallarda çox asandır, ancaq həmin tarixdə öz xalqını layiqincə təmsil etmək, varlığını xalqın tarixinə çevirmək, xalqla birgə tarix yazanlardan olmaq çox çətindir.
Ancaq bu gün Mehriban Əliyevanın şəxsində biz xalqla birgə tarix yazmağın nə qədər çətin olsa da, mümkün olduğunu görə bilirik. Məhz bu səbəbdəndir ki, Mehriban Əliyevanın heç vaxt xüsusi təqdimata ehtiyacı olmayıb. Uzun illərdir davam edən çoxşaxəli fəaliyyətinə nəzər salsaq, Mehriban Əliyevanı bir çox titullarla, bir çox fəxri və elmi adlarla, rəhbərlik etdiyi layihələrlə, təmsil etdiyi təşkilatlarla, Azərbaycan, onun gələcəyi, varlığı və beynəlxalq arenada təqdimatı üçün çiyinlərinə götürdüyü öhdəliklərlə tanımaq olar. Ancaq Azərbaycan xalqının bütün nəcib xüsusiyyətlərini daşıyan, sadəliyini xalqın sevgisindən alan biri kimi o, məhz başqa bir təqdimatı özü üçün məqbul sayıb, böyük təvazökarlıqla "sizin Mehriban” olaraq təqdim edilməyi seçib.
Təkcə bu təqdimat belə Azərbaycanın əxlaqi dəyərlərində böyük önəmə sahib təvazökarlığın əyani mənzərəsi kimi önə çıxır, qazanılmış, əldə olunmuş istənilən titulun xalqdan biri olmaqdan, onun fərdi kimi qürur duymaqdan üstün olmadığını göstərir. Azərbaycan ziyalısı, siyasətçisi, onun görkəmli nümayəndəsi üçün ən ideal tanıtım məhz onun xalqın – sizin, bizim, hər birimizin ailəsinin – müqəddəs birliyinin bir üzvü olması, bizlərin arasından çıxaraq bizləri təmsil etdiyi üçün yaşadığı böyük fəxarət hissinin vurğulanması ola bilərdi.
Bir fərdin şəxsiyyət kimi formalaşması və cəmiyyətin, dövlətin, xalqın həyatında, təfəkküründə özünə layiq yer tutması üçün ilk növbədə böyüyüb, formalaşdığı mühit, ailə və ona aşılanan keyfiyyətlər ön plana çıxır. Bu baxımdan çox şanslı olan Mehriban xanım Azərbaycan ziyalısının formalaşması üçün ideal mühitdə dünyaya göz açıb.
O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva həmçinin Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır.
Göründüyü kimi Mehriban xanımın böyüdüyü mühitdə ziyalı kimi formalaşması, yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi, Azərbaycan xalqının daşıdığı bütün nəcib xüsusiyyətləri mənimsəməsi qaçılmaz hal idi. Təkcə babaları - məşhur yazıçımız Mir Cəlal Paşayev və görkəmli jurnalistimiz Nəsir İmanquliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyat və publisistikasının inkişafı üçün gördüyü işləri yada salsaq, Mehriban xanımın hansı mühitdə tərbiyə alması barədə aydın təsəvvürlər formalaşar. Üstəlik valideynlərin də övladın həyatında, onun gələcək uğurlarının bünövrəsi üçün sağlam zəmin hazırlanmasında, ona həyatın məqsəd və məramlarının dərk etdirilməsindəki yeri və önəmi danılmazdır.
Azərbaycanın gələcəyinə işıq saçan, xalqın maariflənməsində, ölkədə mədəni mühitin, dəyərlərin formalaşmasında rol oynayan, hətta öndərlik edən bu cür ziyalıların ocağında yetişmək hər insana qismət olmayacaq bir xoşbəxtlik idi. Bu xoşbəxtlik isə sözün əsl mənasında gələcək şəxsiyyətin formalaşmasında əvəzsiz bir məktəbə çevrilmişdi.
Həmin məktəbin təlqin etdiyi böyük dəyərlər, müqəddəs ideallar və fikirlər sonradan həyatın bütün mərhələlərində rəhbər tutularaq, Mehriban Əliyevanın şəxsiyyət kimi tarix səhnəsində özünəməxsus yer almasını təmin edib.
Heç şübhəsiz gələcək həyatın uğurlu təməli həm də təhsildən asılıdır. Bu təməlin sarsılmaz dayaqlar üzərində inşası üçün var gücü ilə çalışan Mehriban Əliyeva ali təhsil üçün N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini seçib. 1988-ci ildə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Mehriban Əliyevanın müsahibələrində dediyi kimi onun ixtisas seçimində həm anasının xəyalları, həm də 1983-cü ildə ailə həyatı qurduğu İlham Əliyevin anası Zərifə Əliyevanın məsləhəti önəmli rol oynamışdı. Çünki büründüyü və layiqincə təmsil etdiyi Azərbaycan xanımı obrazı, şübhəsiz ki, böyüklərin təcrübə və dəyərli məsləhətlərinə dərin hörmət və ehtiram tələb edirdi.
Azərbaycan naminə bir çox sahələrdə uğurla çalışan Mehriban xanımın fəaliyyətində böyük önəm kəsb edən qurumlardan biri 1995-ci ildə öz təşəbbüsü ilə təsis etdiyi, hazırda da rəhbəri olduğu Azərbaycan Mədəniyyət Fondudur. Bir il sonra Azərbaycan mədəniyyətinin geniş auditoriyaya təbliğ olunması, bu misilsiz mədəniyyətin layiqincə təqdimatının həyata keçirilməsi məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan "Azərbaycan – İrs” jurnalı təsis edilir. Xarici aləmin Azərbaycan mədəniyyətindən demək olar ki, bixəbər olduğu bir vaxtda, fond və jurnal, onların hər ikisinə rəhbərlik edən Mehriban Əliyeva öz çiyinlərinə kifayət qədər mürəkkəb bir missiyanı götürmüşdü. Bu missiyanı layiqincə yerinə yetirə bilməyin yeganə şərti – Azərbaycan sevgisi, uğura aparan yolun açarı xalqın tarix və mədəniyyətinə vurğunluq idi.
Mehriban Əliyevanın fəaliyyətində mühüm yerlərdən birini Heydər Əliyev Fondu təşkil edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. Fond ümummilli liderin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin dövlətçiliyimizin formalaşmasında zəmin rolunu oynayan ideyalarının təbliği, gələcək nəsillərə öyrədilməsi və yaşadılması kimi önəmli vəzifələrin icrasını öhdəsinə götürüb.
Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyində həm də uzun illərdir Azərbaycanın qəhrəman övladlarının himayədarı kimi çıxış edir. İstər 90-cı illərin Qarabağ döyüşlərində, istərsə də Vətən müharibəsində iştirak edən və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qayğısına qalmaq deyəndə ilk olaraq onun adı ağıllara gəlir. Şəhid ailələri ilə mütəmadi görüşlər, onların sosial-məişət problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması, qazilərimizin səhhəti ilə bağlı problemlərin həlli, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və s. görülən işlərin sadəcə kiçik bir qismidir.
Fond həm də Azərbaycan ədəbiyyatı və musiqisi üçün misilsiz işlər görür. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. O, həm də 2006-cı ilin 24 noyabrından etibarən ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizi təmsil edir.
2005-ci ilin noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq iştirak edən Mehriban Əliyeva seçicilərin böyük etimadı fonunda (92,12 faiz) parlamentdə Azərbaycan xalqını təmsil etmək hüququ qazanıb. Fəaliyyəti boyu xalqa xidməti qarşısına daim prioritet məsələ kimi qoyan Mehriban Əliyeva 2010 (94,49 faiz) və 2015-ci (96,7 faiz) illərdəki parlament seçkilərində də xalqın ona olan sevgisinin günü-gündən artdığını hər kəsə sübut edib.
2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub. Bütün hallarda olduğu kimi bu çətin və məsuliyyəti tapşırığın da öhdəsindən layiqincə gəlinib, Azərbaycan Mehriban Əliyevanın səyləri nəticəsində bu nüfuzlu və bir o qədər də əhəmiyyətli işi uğurla yerinə yetirib.
Elə məhz bu xalq sevgisi, dövlətçiliyin inkişafında oynadığı əvəzsiz rol və aparılan gərgin mübarizənin məntiqi nəticəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev” ordeni ilə təltif edilib.
2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bu tarixi hadisə onun dövlətçilik tariximizdə daşıdığı vəzifələrin önəmini ön plana çıxarmaqla bərabər, xalqın iradəsinin təcəssümü kimi yadda qalıb.
Mehriban Əliyeva hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsinin getdiyi şərəfli və eyni zamanda çətin dövrdə xalqın qayğısına qalmaqla milli qələbəmizə böyük töhfə verdi. İşğaldan azad edilən torpaqlarımıza ilk səfərlərdə heç bir təhlükədən çəkinməyərək, hər zaman dövlət başçısı, Müzəffər ordunun Ali Baş komandanı İlham Əliyevin yanında yer alan Mehriban Əliyeva bir daha Azərbaycan xalqının Vətən sevgisinin, Vətən həsrətinin böyüklüyünü göstərdi, uzun illər öz doğma yurd-yuvalarından didərgin düşən, öz doğma torpaqlarının azadlığı uğrunda canından keçən hər bir şəhidin, Qarabağı görmədən onun xəyalı ilə böyümüş hər bir gəncin simasında orada öz xalqını təmsil etdi.
Hər zaman öz sadəliyi ilə seçilən ölkənin Birinci vitse-prezidenti şəxsən çəkdiyi kadrlarla azərbaycanlıların Vətən həsrəti ilə alovlanan qəlblərinə su səpdi. Səfərin çətinliyi, bölgənin işğaldan yenicə azad olunmasından heç zaman çəkinməyən Mehriban Əliyeva öz xalqı naminə üzərinə götürdüyü bu missiyanı da layiqincə yerinə yetirdi.
2022-ci il də Mehriban Əliyevanın fəaliyyətində hər zaman olduğu kimi gərgin qrafiklə keçdi. Birinci vitse-prezident dövlət başçısı İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərdəki quruculuq-bərpa işlərinin gedişi ilə tanış oldu. Xüsusi ilə Qarabağ və Şərqi Zəngəzurda vandalizmin qurbanı olmuş mədəniyyət abidələrimizin bərpası, həmin mədəniyyət nümunələrinə tarixi kimliyinin qaytarılması istiqamətində görülən və nəzərdə tutulan işlərə diqqət ayrıldı.
Bundan əlavə ölkənin digər regionları da bu qayğı və diqqətdən kənarda qalmadı.
Son olaraq Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarını canlı izləmək üçün qardaş Türkiyəyə yollanan Mehriban Əliyeva Azərbaycan idmanının da gələcəyinin daim dövlət qayğısı ilə əhatələndiyini bir daha göstərdi. Dövlət başçısının və Birinci vitse-prezidentin Konya səfəri Azərbaycan idmançılarının da mübarizə əzmini artırdı və yekunda böyük uğur qazanılmasına öz töhfəsini verdi.
Bu gün Azərbaycan qadınının bütün milli xüsusiyyətlərini özündə daşımaqla bərabər, çağdaş mədəniyyətin də çağırışlarını da cavabsız qoymayan Mehriban Əliyeva göstərdiyi əzm, iradə, qərarlılıq və həssaslıqla gənc nəsillər üçün örnək təşkil edir. Həyatı boyu sahib olduğu dəyərləri özünə rəhbər tutaraq, bu gün özünü xalq qarşısında böyük təvazökarlıqla "sizin Mehriban” adlandıran birinci vitse-prezident, heç şübhəsiz ki, bundan sonra həmin dəyərlərin təcəssümü kimi Azərbaycan qadınına, onun cəmiyyətdə, dövlət idarəetməsində, mədəniyyət, idman və bütün digər sahələrdə layiqli yer tutmasına da nümunə olacaq, öz təcrübələri ilə bu yola işıq tutacaq. (oxu.az)
İslahat.az