Londonda oxumağa başlayandan sonra isə xaricdə təhsillə bağlı mənə çox adam müraciət edirdi. Qayda-qanunları öyrənmək üçün kömək etməyimi istəyirdilər. Hamıya şifahi şəkildə izah edirdim, amma sonra qərara gəldim ki, xaricdə təhsil mərkəzi yaradım, professional şəkildə yardım edim. O vaxt belə mərkəzlər az idi. Dostumla mən birini açdıq. O kurs indiyə kimi fəaliyyət göstərir.
- Adətən, oğlanlar tək qalanda dərsdən yayınmalar ola bilir, nəinki sistemli həyat qurmaq...
- Tək qoymaq məsələsinə yəqin ki, lap aşağı yaşlardan başlanmalıdır. Hələ mən balaca olanda atam tez-tez Rusiyaya gedib-gəlirdi. Evdə onu az görürdüm, buna görə bir az sərbəst böyümüşəm. Amma həmişə dərslərimlə maraqlanırdı, hədiyyə alanda mənə məktəbdə lazım olacaq şeylərə üstünlük verirdi. Velosiped, kompüter və s. istəyəndə deyirdi ki, dərslərini yaxşı oxu, alacam. Bir növ qarşıma məqsəd qoyurdu. Məqsədlərə çatmaq üçün də oxumaq vacib idi. Təbii ki, cavan oğlanlar kimi mən də futbol oynayırdım, dostlarımla vaxt keçirirdim. Yəni, bütün gün kitabla yatmırdım. Amma tək qalmaq mənə vaxtı düzgün bölməyi, problemlərimi həll etməyi öyrətdi. 20-30 il heç vaxt tək qalmayan, yeməyi, paltarı hazır edilən adam birdən tək qalmağa məcbur olanda, vəziyyətdən çıxmaq ona çətin olar.
- 9-10-cu sinifdə biznes qurmağınızı yada salanda səhv və düzləri heç fikirləşirsiniz? Çünki təcrübəsiz vaxtlar idi.
- Çox şeyi səhv edirdim (Gülür – A.A). Amma o səhvlər mənə çox şey öyrətdi. Məsələn, internet klubu açanda yaxın adamı kluba menecer qoymuşdum, onun dost-tanışı gəlib kompüterdə otururdu, ödəniş isə olunmurdu. Yaxud mənim 20-30 nəfər öz dost-tanışım yığışıb gəlirdi, ödəniş etmirdi. Amma Avropada belə halla rastlaşa bilməzsən. Kim hara gedirsə, öz hesabını ödəyir. Klub qazanmalı idi, ona görə yavaş-yavaş bu yanaşmanı ortadan qaldırdıq. Belə səhvlər təbii ki, olurdu və təcrübə sayəsində də aradan qaldırılırdı.
- Dediniz ki, xaricdə təhsil mərkəziniz bu gün də fəaliyyət göstərir. Amma karyeranızı sonra başqa müəssisələrdə davam etdirmisiniz. Kursda niyə davam etmədiniz?
- Mən İngiltərədə təhsil aldığım müddətdə kursa bir nəfər qoyduq, işləri o idarə edirdi. İngiltərədən qayıdandan sonra bir-iki il işin başına özüm keçdim. Mərkəzlə bağlı hədəfimiz böyük idi. Hansısa tanınmış xarici universitetin bir fakültəsinin diplomunu vermək istəyirdik. Müəllimlər ordan gəlib dərs keçsin, distant təhsil də olsun və s. Yəni insanlarımız xaricə getmədən xarici universitet təhsili alsınlar. Fikirləşirəm ki, bu, hazırda da yaxşı biznes istiqaməti ola bilər. Lakin sonra planlarım dəyişdi. Çünki ali təhsili qiymətli kağızlar sahəsində almışdım və o istiqamətdə davam etmək istəyirdim. Dövlət Proqramı ilə xaricdə təhsil alanları dövlət qulluğuna imtahan vermədən işə götürürdülər. Mənim də CV-im Dövlət Qulluğuna Qəbul Komissiyasında idi. Uyğun vakansiyalar olanda onlar bizə təklif edirdilər. Mənə Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsində çalışmaq təklifi gəldi. Düşündüm ki, kursla başqası məşğul olsa, daha yaxşı olar. Çünki öz ixtisasım üzrə təkmilləşmək istəyirdim. Komitədə iki il çalışdım, məsləhətçi kimi başladım, sonra baş məsləhətçi oldum. Amma sonra öyrəndiklərimi özəl sektorda tətbiq etmək qərarına gəldim. "AzFinance Investment Company” investisiya şirkətindən təklif aldım və xarici bazarlara investisiya departamentinin müdiri vəzifəsinə getdim. 2 il orda işləyəndən sonra təklif gəldi ki, PSG şirkətinə direktor axtarılır. Mən də bu sahədə departament müdiri idim, fikirləşdim ki, direktor olaraq çalışa bilərəm və gəldim.
- Sizə görə rəhbər şəxs hansı bacarıq və keyfiyyətlərə sahib olmalıdır?
- Hansı sahədə fəaliyyət göstərən şirkətin rəhbəri olmasına baxır. Elə istiqamətli şirkət ola bilər ki, rəhbər daim ictimaiyyət qarşısında olmalı, çıxışlar etməlidir. Bu zaman auditoriya qarşısında çıxış etmək məharəti yüksək olmalıdır. Bəzən isə vəziyyət elə olur ki, rəhbərə dair bir tələb və keyfiyyət ön planda olmur. Bu daha çox xarici şirkətlərdə olur. Məsələn, "Facebook” şirkətinin sahibi Mark Zukerberq. İdeyanın sahibi odur, şirkəti qurub və rəhbər də özüdür. Markdan yaxşı menecerlər var, amma onlarda o cür ideya yoxdur. İdeya sahibi olan rəhbərin yerinə başqa adam gəlsə, iş axsaya bilər. Amma elə bizneslər var ki, orda rəhbəri dəyişmək heç bir problem yaratmır. Saat kimi işləyir, hansısa detalı dəyişirsən, yenə işləyir. İdealın isə hansının olduğunu demək çətindir.
- İş nə qədər çox olsa da, təmkinini qoruyan, gərginliyə düşüb emosional davranmayan rəhbər olduğunuzu dedilər. Bu xarakterdən irəli gəlir, yoxsa təcrübədən yaranıb?
- Əsəbiləşmək, emosiyalara qapılmaq, hansısa işçiyə kobud söz demək mənə görə rəhbərə yaraşmayan keyfiyyətlərdir.
- Rəhbər şəxslər ümumi təcrübədə nə görsələr, özləri rəhbər olanda da onları tətbiq edirlər. Çalışdığınız iş yerlərində gördüyünüz nələri rəhbər olaraq bu gün tətbiq edirsiniz?
- Hamı planla işləməlidir. İşçi şirkətin aylıq, illik, ümumi planını bilməlidir. Şirkətin planı iki cür olmalıdır. Biri yazıb harasa göndərmək üçün, biri də daxili biznes planı. İşçilər hamısı onu görməli, şirkətin gələcəyi ilə bağlı planları bilməlidir. İşçilər özlərini şirkətin sahibi kimi hiss etməlidir. Hətta bir çox xarici şirkətlərdə çalışanlara səhm payı da verirlər. Bu, işçilərə daha effektiv işləməyə stimul verir.
İşçiyə tapşırığı dəqiq vermək lazımdır. Nə istədiyini işçiyə dəqiq izah etməsən, ondan istədiyini də ala bilməzsən.
Bir də işçinin özünü təkmilləşdirməsinə şərait yaratmaq lazımdır. Məsələn, harasa göndərəcəyin bir materialı işçi hazırlayıb gətirib. Təbii ki, direktor ehtiyac olanda o materialın üstündə işləyir, lazım olan qaydaya salıb göndərir. Şirkət rəhbərləri özləri düzəltdikləri formanı bəzən sonradan işçiyə göstərmirlər. Amma bu, düzgün deyil. İşçi ideal işləyibsə, desin ki yaxşı idi, olduğu kimi göndərdik, amma özü düzəliş edibsə, bunu göstərməlidir ki, işçi daha yaxşı variantı görsün, öyrənsin.
- Şirkətdə və ümumilikdə necə bir rejim qurmusunuz?
- Elə bir sistem qurmuşam ki, mən olmasam da, işdə ləngimələr olmur. Şirkətdə bir komanda var və hər kəsin özünün məsuliyyəti var. Ona görə də sistem saat kimi işləyir.
- Bu rejimlə ailəyə, övladınıza vaxt ayıra bilirsiniz?
- Ailəm mənim üçün ən vacib prioritetlərdən biridir və hər zaman çalışıram ki, günlük planımı qurarkən həyat yoldaşım və oğluma da vaxt ayıra bilim. Lakin oğlumun mənə ayırmağa vaxtı olmur (Gülür- A.A). Çünki səhər 8-dən axşam 7-ə kimi bağçada olur ki, bağça mühiti də körpənin cəmiyyətdə fərd olaraq formalaşmasında və inkişaf etməsində mühüm rol oynayır. Ona görə mən də mümkün qədər evə tez getməyə çalışıram. Biz əsasən həftə sonları birlikdə vaxt keçiririk.
- Maraqlıdır, valideynlərinizin sizə o vaxt verdiyi azadlığı siz öz övladınıza verərsiniz?
- Vermək istəyirəm. Amma çox çətindir, bir uşaq olanda adam istəyir ki, hər şey ideal olsun. Həyat yoldaşımla birlikdə çalışırıq ki, uşaq sağlam mühitdə böyüsün və fikirləşməsin ki, onun istədiyi hər şey olacaq. Sözə qulaq asmalı, mədəni olmalı, nəyisə ağlamaqla, qışqırmaqla əldə etməyəcəyini bilməli, mübarizə aparmağı bacarmalıdır və həyatda əldə etdiklərinin qədrini bilməlidir.
- Valideynlərinizin uşağa yanaşması necə idi? Bundan heç danışmadıq...
- Bizdə əsəbiləşmək, qışqırmaq kimi şeylər olmayıb. Səhvim olanda bunu sakit şəkildə deyiblər. Bir az fərqli ailə olub. Tez-tez Rusiyaya gedib-gəlirdilər deyə, bəlkə Avropa tipli ailə olmuşuq. Mənə izah edirdilər ki, düz olmağı üçün nəyi necə etməliyəm. Daim maraqlanırdılar.
- Ənənəvi sualımız: uğurun sirri sizə görə nədədir?
- Məncə, burda sirr yoxdur. İnsan gərək düzgün olsun, hamıdan ağıllı olduğunu düşünməsin. Ailə və dostların etibarını qazanmaq və onu itirməmək üçün əlindən gələni etsin. Çünki hara getsə, insana ilk növbədə ailəsi və dostları dəstək olur.
Aygün Asimqızı | KASPİ Qəzeti