Azərbaycanın tarixi torpaqlarının Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən işğaldan azad edilməsindən və 2020-ci ilin 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçının boşaldılmasından sonra torpaqlarımızın yenidən qurulması və dirçəldilməsi, əvvəlki inkişafı və tarixi, mədəni görkəminin özünə qaytarılması istiqamətində təxirəsalınmaz tədbirlərə başlanıldı. 30 ilə yaxın müddət ərzində erməni qəsbkarlarının işğalına məruz qalan torpaqlarımız tamamilə darmadağın edilmiş, tarixi, dini, mədəni abidələrimiz yerlə yeksan edilmiş, milli etnik kimliyimizi, əsrlərə dayanan tarixi keçmişimizi silməyə çalışmışlar. Bununla da ermənilər dünya miqyasında görülməmiş vandalizmə imza ataraq öz vəhşiliyini, qeyri-insani metodlarla xalqlara qarşı amansız davranış tərzini, əslində bəşəriyyət üçün nə qədər qəddar və qaniçən olduqlarını bir daha və əyani sübutlarla təsdiq etmişdir. Tarixən ermənilərin işğalçılıq və talançılıq siyasətinə nəzər salsaq, ən əsası isə müxtəlif xalqlara qarşı əsassız ərazi iddiaları və soyqırımı aktları onların mahiyyətini bütün çılpaqlığı ilə nümayiş etdirir. Lakin bu qədər sübutların və faktların qarşısında susqunluq göstərən ədalətsiz dünya ilə üz-üzə qalmağımız ciddi təəssüf və təəccüb doğurur. Dünyada güclü olan deyil, şəxsi ambisiyalar deyil, ədalət, haqq hər zaman hakim olmalı və bütün dünya dövlətləri, beynəlxalq hüquq da məsələlərə bu prizmadan baxmalıdır.
Azərbaycan hər zaman danışıqlar prosesində fəallıq göstərib, beynəlxalq hüquqa hər zaman sadiq qalaraq çalışıb ki, münaqişəni sülh yolu ilə həll etsin. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində işğalçıya heç bir təzyiq göstərmədi, onları BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn tələblərini yerinə yetirməyə məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Hətta bəzi ermənipərəst qüvvələr bunun tam əksinə olaraq bizi günahlandırmağa çalışırdı. Azərbaycan bu illər ərzində kifayət qədər səbr və dözüm nümayiş etdirdi. Lakin istər danışıqlar masası arxasında, istərsə də bütün mövqelərində açıq şəkildə bəyan edirdi ki, ərazi bütövlüyünü heç bir halda güzəştə getməyəcək və əgər münaqişə danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Ermənistan deyilənlərdən nəticə çıxarmayaraq, əksinə sərsəm açıqlamalar verməklə və dövlət sərhədlərimizdə təxribatlar törətməklə vəziyyəti daha da gərginləşdirirdilər. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etdi.
Qürurla qeyd etməliyik ki, Ermənistanın bütün bu təxribatları cavabsız qalmadı və qeyrətli, vətənpərvər oğullarımızın sayəsində 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımız düşməndən azad edildi. 44 günlük müharibə dövlətimizin, xalqımızın və ordumuzun gücünü və qətiyyətini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq, beləliklə, bütün dünyaya dövlət-xalq-ordu həmrəyliyinin ən möhtəşəm nümunəsini göstərdik. Qırx dörd günün hər bir anı qəhrəmanlıq səhifəsi kimi tariximizə qızıl hərflərlə yazıldı. Çünki biz hər gün irəli gedərək, qorxmazlıq və vətənpərvərliyin nə olduğunu əməlimizlə sübut etdik.
İndi qarşımızda daha məsuliyyətli bir səhifə açılıb. Biz işğala və talana məruz qalan torpaqlarımızı yenidən gülüstana çevirməliyik. Bu istiqamətdə dövlət başçısı İlham Əliyevin rəhvərliyi ilə mühüm tədbirlər paketi hazırlanıb və icrasına başlanılıb. Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir.İlk bu cür "Ağıllı şəhər” və "Ağıllı kənd” layihələri Zəngilanda start götürüb.
Prezident İlham Əliyevin may ayının 28-də tariximizin şanlı səhifələrindən biri olan Respublika Günündə Ağdam şəhərinə səfəri və səfər zamanı Ağdam şəhərinin Baş Planının təsdiq edilməsi, onun əsasında şəhərin planlı şəkildə bərpa olunmasının nəzərdə tutulması böyük rəmzi məna daşıyır. Tezliklə, Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyuldu. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağı, süni göl, kanallar, körpülər yaradılacaq. Bütün Qarabağ zonası "yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər "ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq.
Bir sözlə, uzun illərdir ki, həsrətlə gözlədiyimiz torpaqlarımız artıq azadlığına qovuşmaqla yanaşı, özünün əvvəlki görkəminə və ruhuna da qayıdacaq. Öz tarixi ata-baba yurdlarıdan məcburi şəkildə və zorla didərgin salınmış soydaşlarımızın 30 illik həsrətinə son qoyuldu. Artıq onlar öz doğma yurdlarında məskən salacaq. Ağdamın və bütün işğaldan azad edilmiş torpaqlarımızın cənnətə çevrilməsinə çox az qalıb. Bütün tarixi torpaqlarımız öz həqiqi sahiblərinin əlində daha təhlükəsiz olacaq və inkişaf edəcək. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq.
Kubra Əliyarlı,
YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi,
Binəqədi Bələdiyyəsinin komissiya sədri