Azərbaycanda pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa da maska və COVID pasportu tələbləri qüvvədə qalıb. Vətəndaşlar maskasız və peyvənd sənədi olmadan qapalı məkanlara daxil ola bilmirlər.
İslahat.az BAKU.WS-ə istinadən xəbər verir ki, mövcud durumda ölkədə maska və COVID pasportu ilə bağlı yumşalmaların olması gündəmə gəlib.
Sosial şəbəkələrdə müzakirələr zamanı da insanlar bu məhdudiyyətlərin nə zaman ləğv ediləcəyini müzakirə edirlər. İnsanları düşündürən suala cavab tapmaq üçün millət vəkili Fazil Mustafaya müraciət etdik.
Deputat BAKU.WS-ə bildirib ki, maska və COVID pasportu ilə bağlı tələbin aradan qaldırılmasının tərəfdarı deyil:
"Koronavirus kifayət qədər mədəni hadisədir. Cəmiyyətin bu prosesi birlikdə və mədəni komponent üzərindən gerçəkləşdirmə məsələsidir. Azərbaycanda artıq yaslar və toylarla bağlı qadağa yoxdur. 5 il bundan qabaq dünyasını dəyişən üçün də yas mərasimi keçirilir. Hamı dolur bir məkana və saatlarla əvvəlki qayda ilə orada otururlar.
Etiraf edim ki, bizi ya inzibati məsuliyyət, ya da ilahi və ya təbii məcburiyyətlər özümüzü qorumağa yönəldir. Mütləq xəstəlik olmalıdır ki, qorxudan özümüzü qoruyaq. Pandemiya dövründə tədbirlər az sayda insanın iştirak ilə baş tuturdu. Hazırda həm toylar, həm də yaslarla bağlı əvvəlki vəziyyətə qayıtmışıq. Bu o, deməkdir ki, biz sadələşməni sevmirik.
Belə tezliklə müəyyən qadağaları ləğv etmək ölkəmiz üçün yenidən ağır nəticələrə səbəb ola bilər. İnsanlarımız elə düşünürlər ki, hər şey bitib və keçmişdəki adətlərə qayıtmaq olar. Buna görə, maska və COVID pasportu ilə bağlı tələbin aradan qaldırılmasının tərəfdarı deyiləm. Əks təqdirdə yenidən ölkəmizdə yoluxma sayında artım müşahidə oluna bilər.
Fikrimcə, yaslar və toylar davam etdikcə yoluxma daha da artacaq. Qarşıdan Ramazan ayı gəlir və bu müəyyən məsələləri səngidə bilər. Digər tərəfdən Ramazan ayında da qaydalara riayət etməyənlər olur.
Bütün bunlar fonunda nəzərə almaq lazımdır ki, hazırda Ukraynada aclıq hökm sürür və Rusiyada isə iqtisadi vəziyyət ağırlaşıb. Başa düşmək lazımdır ki, artıq Ukrayna və Rusiyadan ərzaq gəlmir. Buna görə ərzaq bahalaşması ola bilər".
İslahat.az