05 May 2026
08:00
298

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilən Zirvə toplantısında videobağlantı formatındaetdiyi çıxış Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqların növbəti əyani təsdiqidir. Azərbaycan və Ermənistan arasında münasibətlər artıq sülh müstəvisinə keçib.

İctimai.az xəbər verir ki, bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

"Ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edən, öz ərazisində separatizmin kökünü kəsən Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib. Ölkəmiz regionda dayanıqlı sülhün qurulmasına yönəlmiş konkret addımlar atır və bu istiqamətdə təşəbbüskar rolunda çıxış edir.

Təbii ki, regionda sabitliyin möhkəmlənməsi, eyni zamanda iqtisadi fəallığın artması üzrə Azərbaycan tərəfindən atılan addımlar sülhün real nəticələridir və ölkəmizin sülhpərvər mövqeyinin təzahürüdür.

Eyni zamanda "Avropa Siyasi Birliyi” Zirvə görüşünün Ermənistanda keçirilməsinin Azərbaycan tərəfindən dəstəklənməsi və Sammitin 2028-ci ildə Azərbaycanda keçirilməsinə Ermənistanın dəstək verməsi ölkələr arasında yaranan etimad mühitinin real göstəricisidir.

Uzun illər tətbiq edilən tranzit məhdudiyyətlərini Azərbaycanın birtərəfli qaydada aradan qaldırması və ötən müddət ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün daşınması mühüm addımlardır. Bununla yanaşı, enerji resurslarının, o cümlədən neft məhsullarının Ermənistana ixracına başlanması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Bütün bunlar təbii ki, regionda sülhün möhkəmləndirilməsi prosesinin uğurla həyata keçirilməsinə xidmət edir.

Lakin təəssüflə qeyd edək ki, regionda sülhün bərqərar olduğu bir zamanda bəzi təsisatlar bu uğuru qəbul etmək istəmir və ona kölgə salmağa çalışırlar. Dövlətimizin başçısının da çıxışında qeyd etdiyi kimi Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti və AŞPA kimi qurumların ikili standartlara əsaslanan və obyektivlikdən uzaq yanaşması regionda davamlı sülh və etimad mühitinin möhkəmləndirilməsinə töhfə vermir, əksinə, konstruktiv dialoqa xələl gətirir.

Beləliklə, Azərbaycan hər zaman olduğu kimi bu gün də regionda qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması istiqamətində ciddi addımlar atır. Sülh gündəliyinə sadiqliyini əməli fəaliyyəti ilə nümayiş etdirən ölkəmiz həm siyasi, həm də iqtisadi müstəvidə yeni əməkdaşlıq imkanları formalaşdırır. Bu, Cənubi Qafqazın sabitlik, tərəqqi və inteqrasiya məkanına çevrilməsinə hesablanmış mühüm addımlardır. AŞPA və Avropa Parlamenti kimi təsisatların qərəzli yanaşmaları bu reallığı dəyişmək gücündə deyil”.