III Beynəlxalq "Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” Konfransında iştirak edən hindistanlı alim Kabindra Sharma Cənubi Asiyada su ehtiyatlarının azalması və dağlıq ərazilərdə su təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran məqamlara diqqət çəkib.
İslahat.az xəbər verir ki, Cənubi Asiya Fənlərarası Su Ehtiyatları Tədqiqatları Konsorsiumunun nümayəndəsi, doktor Kabindra Sharma müsahibəsində Hindistan Himalay bölgəsinin 200 milyondan çox insan üçün su mənbəyi olduğunu bildirib.
Onun sözlərinə görə, illər ərzində bu su mənbəyinin təxminən 50 faizi tükənib. Alim qeyd edib ki, Cənubi Asiya su ehtiyatları uğrunda mübarizənin ən mürəkkəb olduğu regionlardan biridir.
Kabindra Sharma Azərbaycanın da su təhlükəsizliyi baxımından həssas ölkələrdən olduğunu vurğulayıb:
"Azərbaycan su ehtiyatlarının 75 faizdən çoxu digər dövlətlərdən gələn transsərhəd sulardan asılı olan ölkədir. Buna görə də təkcə Azərbaycan üçün deyil, ümumilikdə dağlıq ərazilər, Hindistan Himalay bölgəsi və Qafqaz dağları arasında idarəetmə mexanizmlərinin qurulması, biliklərin bölüşdürülməsi çox vacibdir”.
Alim hesab edir ki, müxtəlif dağlıq icmaların təcrübələrinin öyrənilməsi və elmi əməkdaşlığın genişləndirilməsi su qıtlığı ilə bağlı problemlərin həllinə töhfə verə bilər.
O, Qərbi Kaspi Universitetinin müxtəlif ölkələrdən tədqiqatçıları bir araya gətirməsini yüksək qiymətləndirərək, bu cür platformaların gələcək birgə təşəbbüslər üçün imkan yaratdığını bildirib.
