06 Noyabr 2026
17:03
10

“Beynəlxalq elmi əməkdaşlıq gənc tədqiqatçılar üçün yeni imkanlar yaradır” - RƏŞİD İQBAL

III Beynəlxalq "Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” Konfransı müxtəlif ölkələrdən olan alim və tədqiqatçıların elmi təcrübə mübadiləsi aparması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.

 

İslahat.az xəbər verir ki, bunu Qərbi Kaspi Universitetinin Həyat elmləri departamentinin direktoru doktor Rəşid İqbal konfrans çərçivəsində müsahibəsində deyib.

 

O bildirib ki, dünyanın müxtəlif ölkələrindən nümayəndələrin, alimlərin və tədqiqatçıların tədbirdə iştirakı beynəlxalq tədqiqatların görünürlüğünün artırılması, elmi məhsuldarlıq və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.

 

Rəşid İqbal konfransın xüsusilə gənc alimlər və tədqiqatçılar üçün yeni biliklər əldə etmək, fərqli elmi yanaşmalarla tanış olmaq və inkişaf etmək baxımından faydalı olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, iqlim dəyişiklikləri də daxil olmaqla, müasir dövrün ekoloji problemlərinin həlli istiqamətində müxtəlif elmi yanaşmalar və tədqiqatlar aparılır.

 

Universitet rəsmisi konfransın təşkilini yüksək qiymətləndirərək, bu cür beynəlxalq tədbirlərin elmi əməkdaşlığın inkişafına və gələcək tədqiqatların genişlənməsinə töhfə verdiyini bildirib.