Deputat: “Donald Tramp Si Cinpinə müəyyən vədlər verə bilər”
ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Ağ Evdə görüşüblər. Bu diplomatik təmas iki qlobal supergüc arasında gərginliyin azaldılması və ticarət müharibələrinin səngiməsi baxımından mühüm dönüş nöqtəsi hesab oluna bilər.
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə ABŞ və Çin liderlərinin Vaşinqton görüşünü şərh edərkən "Reytinq" qəzetinə bildirib ki, Donald Tramp və Si Cinpin arasında bir sıra strateji məsələlər üzrə danışıqların aparılması təbiidir. Söhbət dünyanın iki böyük iqtisadi və hərbi gücünün bir-biri ilə aparacağı müzakirələrdən gedir.
Asim Mollazadənin qənaətincə, tərəflər ilk növbədə iqtisadi münasibətləri, ticarət tariflərini və mövcud sanksiya məsələlərini müzakirə ediblər. Onun sözlərinə görə, masadakı digər mühüm mövzu Tayvan problemidir:
"Tayvanla bağlı müharibə başlayarsa, bu, dünyada vəziyyəti gözlədiyimizdən də ağır şəkildə pisləşdirəcək. Çinkü bu halda Amerika Tayvanı müdafiə etməli olacaq. Tərəflərin hər ikisinin nüvə silahına malik olduğunu nəzərə aldıqda, bunun nə qədər təhlükəli ssenari olduğunu anlayırıq”.
Deputat bildirib ki, son illər Çin dövlət kimi mövqelərini gücləndirir, Amerikanın nüfuzu isə müəyyən qədər azalır:
"Son illər Çin müttəfiqlərinin sayını artırdığı halda, Amerikanın müttəfiqlərinin başı digər məsələlərə qarışıb. Bütün bunlar ABŞ-ı zəiflədə biləcək amillərdir”.
A. Mollazadə dünyanın iki ən böyük iqtisadiyyat liderinin İran məsələsini xüsusi müzakirə mövzusu etdiyini ehtimal etmir. O, buna səbəb kimi İranın Çin və Rusiyadan tam asılı vəziyyətə düşməsini göstərir:
"Digər tərəfdən, son illər Rusiya da Çindən asılı duruma düşüb. Hazırda rəsmi Pekinin Rusiya və İran üzərində böyük təsiri var. Mümkündür ki, ABŞ Prezidenti Çin liderindən Ukrayna müharibəsini dayandırmaq üçün Rusiyaya təzyiq göstərməsini xahiş etsin. Bunun qarşılığında isə Çin üzərindən sanksiyaların götürülməsi və digər iqtisadi güzəştlər vəd edilə bilər. Nəzərə almaq lazımdır ki, Çin iqtisadi baxımdan inkişaf etsə də, hələ də Amerikadan asılılıqları var. Odur ki, ABŞ tərəfindən Çinə belə təkliflər olunub müəyyən vədlər verilə bilər”.
Deputat qeyd edib ki, Donald Tramp-Si Cinpin görüşü ümumilikdə müsbət hadisədir və dünyanın daha təhlükəli istiqamətə yönəlməsinin qarşısını almağa xidmət edir:
"Belə yüksəksəviyyəli görüş və müzakirələr dünyada dəhşətli proseslərin, böyük müharibələrin qarşısını almaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Pekin və Vaşinqton arasındakı danışıqlar qlobal sabitlik üçün çox vacibdir”.