30 Avqust 2024
22:47
621

“Biz özümüzü təqdim etdik, təqdir artıq seçicilərindir” – Elşən Gəncəvi (MÜSAHİBƏ)

Elşən Gəncəvi: "Bütün dairələrdə qalib gələn hər bir namizədin rəqabət apardığı digər namizədlərlə birlikdə fəaliyyət planı qurmaqlarını təklif edirəm".

1 sentyabr 2024-cü il tarixində keçiriləcək Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizəd Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) "İslahat.az” xəbər portalına müsahibəsini təqdim edirik.

İqitisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) deputatlığa namizədliyi Demokratik İslahatlar Partiyası tərəfindən irəli sürülüb.

Elşən bəy, seçki marafonunuzu necə qiymətləndirirsiniz?

Seçki marafonunda namizəd olduğum dairənin vətəndaşları ilə əyani və qiyabi təmaslar qurduq. Mənim üçün insanlarla görüşüb danışmaq zövq verir. Onların problemlərini öz problemim kimi görürəm. Marafonun başlanğıcında bəzi mənfi halları müşahidə etsək də, fikir vermədik. Öz işimizlə məşğul olduq. Hər kəs öz işi ilə məşğul olanda uğurlu olur. Mən şikayət edən biri deyiləm, amma yurdumun insanlarını da yeniliyə açıq görmək istəyirəm. Seçki prosesi əhalinin siyasi düşüncəsinin yenilənməsidir. Namizədliyim Demokratik İslahatlar Partiyası tərəfindən irəli sürüldü. Partiyamızın sədri, dəyərli ziyalımız Asim Mollazadənin dəstəyi ilə seçki marafonunda gələcək üçün fikirlərimizi ifadə etdik. Biz özümüzü təqdim etdik, təqdir artıq seçicilərindir.

Elşən bəy, bundan əvvəlki parlament seçkilərində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyinizi vermişdiniz. Gəncədən deputatlığa namizədliyinizi irəli sürmək niyyətiniz daha çox şansın olmasıdır?

Mən şansa inanmıram. Mən qərara inanıram və qərarın arxasınca gedirəm. Gəncə şəhərində böyümüşəm və orta məktəbi də Gəncə şəhərində bitirmişəm. Böyüdüyüm məhlədən namizədliyimi irəli sürmək qərarına gəldik. Bundan əvvəlki parlament seçkilərində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürməyimdə məqsəd o idi ki, doğulduğum torpağın insanları ilə bir-başa əlaqə yarada bilim. 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürməklə böyüdüyüm və doğma yurduma öz töhfəmi verim. İnsan doğulduğu, böyüdüyü və yaşadığı yerdə məhsuldar olur. Gələcək üçün addımlar atmağın vacib olduğunu düşünürəm. Bizi biz edən ünvanları unutmamalıyıq.

Elşən bəy, Milli Məclisə seçildiyiniz təqdirdə ilk olaraq hansı addımları atacaqsınız?

İlk addımım rəqabət apardığım dairəmizdən olan namizədlərlə dəyirmi masa arxasında görüşəcəyəm. Bütün dairələrdə qalib gələn hər bir namizədin rəqabət apardığı digər namizədlərlə birlikdə fəaliyyət planı qurmaqlarını təklif edirəm. Seçki prosesində görüşdüyümüz insanların problemləri istiqamətində hüquqi addımlar atılmasına nail olacağıq. İnsanların problemlərini həll etmək lazımdır. Deputatın vəzifə öhdəlikləri var və məsuliyyətimizdə olan meyarlar üzərindən fəaliyyət quracağıq. İnsanların rifahı üçün hüquqi və iqtisadi layihələrin icrasında iştirakçılıq mövqeyi qoyacağıq. Gəncə şəhərində böyük fəaliyyətlərə ehtiyac var. Dövlətlə vətəndaş arasında sağlam körpü inşa edəcəyik. Bütün hallarda dövlətimizin inkişafında faydalılığımızı artırmış olacağıq. Demokratik İslahatlar Partiyasının siyasi təcrübəsinə söykənərək, Milli Məclisdə insanların rifahını təmin edəcək və cəmiyyətin inkişafına dəstək olacaq qanun layihələrində qətiyyətimizi ifadə edəcəyik.

Elşən bəy, seçkinin nəticələri haqqında nə düşünürsünüz?

Dairəmizdən namizəd olan həmvətənlərimə uğurlar arzulayıram. Sağlam rəqabət inkişafa aparır. Haqlı və haqqı olanın yanındayıq. Seçki prosesində qanunvericiliyin bizə təqdim etdiyi imkanlarla kampaniyamızı yekunlaşdırdıq. Seçkinin nəticəsinin nə olmağından asılı olmayaraq, özümü məğlub hiss etməyəcəyəm. "SƏSİNİZ GƏNCƏ” deyərək çıxdığımız bu yolda qələbə qazanacağımıza inanıram. Qələbə qazanandan sonra dairəmizdən namizəd olmuş həmvətənlərimlə birlikdə fəaliyyət göstərəcəyəm.

İslahat.az