Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Sahibkarların "Yaşıl İqtisadiyyat” Platforması” layihəsinin icrasını davam etdirir.
Belə ki, Yaşıl iqtisadiyyatın və eko-sahibkarlığın gənclər arasında təbliğatını aparmaq, gənclər tərəfindən eko-sahibkarlığın xüsusiyyətlərinə biznes təşəbbüslərinin irəli sürülməsi, mümkün biznes imkanlarının müəyyən edilməsi və ətraf mühitə dəyən zərərin azaldılması naminə görülən işlərə dəstək göstərmək, bu istiqamətdə vahid platforma yaratmaq layihənin əsas məqsədidir. Bu məqsədlə Gürcüstanın paytaxtı Tiflisdə 21 dekabr 2024-cü il tarixində gənc sahibkarların, dövlət nümayəndələrinin iştirakı ilə beynəlxalq forum keçirilib. Gürcüstanda olan Peşəkar Maliyyəçilər Assosiyasiyası və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi forumun keçirilməsində təşkilati dəstəyini göstərərək öz tərəfdaşlıq niyyətlərini nümayiş etdilər.
Tədbirdən əvvəl ekspertlərlə birlikdə Ümummilli Lider Heydər Əliyev parkında Ulu Öndərin büstü ziyarət edilmişdir. Forumun aparıcısı Rəqsanə Şıxıyeva tədbir iştirakçılarını salamlayıb və tədbirin gündəliyini təqdim edib. Daha sonra Azərbaycan Respublikasının və Gürcüstanın Dövlət Himnləri səsləndirilib. GMİB-in sədri Solmaz Əliyeva çıxış edərək tədbiri açıq elan edib və layihənin məqsədləri haqqında məlumat verib. Həmçinin tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin noyabr ayında Bakıda COP 29 tədbirinin açılış mərasimindəki çıxışının video yazısı təqdim edilib. Daha sonra Forumda Azərbaycan və Gürcüstandan olan mümayəndələrin iştirakı ilə panel müzakirəsi keçirilib. Müzakirədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın sədri Amin Məmmədov, Tbilisi şəhər Gənclər və təhsil mərkəzinin nümayəndəsi Rezo Həsənov, SOCAR Georgia-nın PR meneceri Aygün İsayeva, CSR konsultantı Ana Kukhaleishvili spiker kimi çıxış edərək "Günümüzdə olan Yaşıl İqtisadiyyatın Əsas Prinsipləri və İnkişaf Perspektivləri, Yaşıl Sahibkarlıq: Ekoloji Yönümlü İş Modelləri, Yaşıl Texnologiyalar və İnnovasiyalar: Gələcəyin İş Dünyasında Rolu, İqlim Dəyişiklikləri ilə Mübarizədə Yaşıl İqtisadiyyatın Rolunun Artması, Ekoloji Sahibkarlığın əsas çətinlikləri” mövzularında öz fikirlərini bildirmişdirlər. Tədbirdə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndələri Pərvanə Cəlallı və Bənövşə Qasımova də iştirak etmiş və Gənclər Fondunun fəaliyyəti haqqında iştirakçıları məlumatlandırmışlar.
Daha sonra forumda yeni yaradılmış Platformanın saytı təqdim edilmişdir. Saytın yaradılmasında məqsəd gənclər arasında yaşıl iqtisadiyyat və eko-sahibkarlıq sahələri üzrə beynəlxalq problemlərin, təcrübələrin müəyyən edilməsi, müxtəlif ölkələr ilə təcrübə mübadiləsi, "Yaşıl İqtisadiyyatın” gənclər arasında təbliğ olunması, bununla da vahid platformanın formalaşdırılması, həmçinin bu layihənin davamlılığının təşkil edilməsidir. Sayta üzv olmaqla platformanın bir üzvü kimi bu tədbirlərdə yaxından iştirak etmək imkanları barədə məlumat verilmişdir.