30 İyun 2026
13:42
214

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu

İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkəmizin inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bu iclas göstərdi ki, Prezident İlham Əliyevin müəyyən etdiyi rəqəmsal transformasiya siyasəti artıq sistemli institusional idarəetmə mərhələsinə keçmişdir. Cari ilin fevral ayında keçirilən müşavirədə verilən tapşırıqlar əsasında 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı təsdiq edilmiş, rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya istiqamətlərində konkret hədəflər müəyyənləşdirilmişdir.

Xüsusilə qeyd edilməlidir ki, bu prosesə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi rəqəmsal inkişaf məsələsinin dövlət üçün ən yüksək prioritetlərdən biri olduğunu nümayiş etdirir. Mehriban xanım Əliyeva çıxışında vurğuladı ki, məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil. Əsas məqsəd innovativ iqtisadiyyatın formalaşdırılması, dövlət idarəçiliyinin daha səmərəli təşkili, yerli startapların inkişafı, xarici investisiyaların cəlb edilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu yanaşma rəqəmsallaşmaya strateji inkişaf modeli kimi baxıldığını göstərir.

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu. Rəqəmsal transformasiya yalnız bir nazirliyin və ya qurumun işi deyil. Bu, bütün dövlət sisteminin vahid platformada fəaliyyət göstərməsini tələb edir. Məhz buna görə də Şuranın əsas funksiyalarından biri qərarların icrasına nəzarət etmək, vahid standartlar formalaşdırmaq və bütün qurumların fəaliyyətini əlaqələndirməkdir.

 

 

Hesab edirəm ki, bu iclasın ən mühüm siyasi mesajı ondan ibarətdir ki, Azərbaycan artıq rəqəmsal texnologiyaların sadəcə istifadəçi kimi yox, regional rəqəmsal mərkəzə çevrilməyi hədəfləyən dövlətdir. Süni intellekt, böyük verilənlər, bulud texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal xidmətlər yaxın illərdə ölkənin qeyri-neft iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək.

Perspektivə baxdıqda isə qarşıdakı illərdə üç əsas istiqamət xüsusi önəm daşıyacaq:

Birincisi, dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması və vətəndaş məmnuniyyətinin daha da artırılması.

İkincisi, süni intellekt texnologiyalarının iqtisadiyyatın bütün sahələrində tətbiqinin genişləndirilməsi və rəqəmsal innovasiya ekosisteminin inkişaf etdirilməsi.

Üçüncüsü isə, rəqəmsal bacarıqlara malik yeni nəslin formalaşdırılması və Azərbaycanın yüksək texnologiyalar ixrac edən ölkələr sırasına daxil olması.

Nəticə etibarilə, xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası sadəcə növbəti dövlət tədbiri deyildir. Bu iclas Azərbaycanın gələcək inkişaf modelinin, rəqabət qabiliyyətli iqtisadiyyatının və müasir dövlət idarəçiliyinin əsas konturlarını müəyyən edən mühüm strateji platformadır.

OXŞAR XƏBƏRLƏR