"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsinin icrasını müvəffəqiyyətlə tamamlamışdır.
İslahat.az xəbər verir ki, layihə çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Qobu Park -1”, "Qobu Park - 2” və "Qobu Park - 3” yaşayış komplekslərində məcburi köçkün icmalarında 4 fokus qrup görüşü (iştirakçıların sayı: 68 nəfər - 38 kişi, 30 qadın) və "Narkomaniya və sağlam həyat tərzi” mövzusunda 16 təlim keçirilmişdir (iştirakçıların sayı: 206 nəfər - 127 kişi, 79 qadın). Təlimlərin keçirilmə formatı, ekspertlərin cəlb olunması, tətbiq ediləcək metodlar, həmçinin iştirakçı qrupunun müəyyən edilməsi zamanı ərazidə aparılmış ilkin araşdırmaların təhlili və fokus qrupları ilə keçirilmiş görüşlərdə verilmiş təkliflər nəzərə alınmışdır. Keçirilmiş təlimlər zamanı təlimçi/ekspertlər tərəfindən mövzu üzrə slaydlarla təqdimat edilmiş, iştirakçılara narkotik vasitələrin növləri, onlardan istifadənin fəsadları (fiziki/psixoloji asılılıq, ağrılar, xəstəliklər, depressiya, intihar və s.), istifadəçinin müəyyən edilməsi üçün diqqət edilməli əlamətlər, narkomaniyanın müalicəsi, reabilitasiyası və s. məlumatlar verilmişdir. Bundan başqa, yeniyetmə və gənclərə zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq olmaları və asudə vaxtlarını səmərəli təşkil etmələri üçün müvafiq tövsiyələr verilmiş, bütün iştirakçılara və ərazidə yaşayan məcburi köçkünlərə layihə çərçivəsində hazırlanmış 1000 ədəd narkomaniya üzrə maarifləndirici bukletlər paylanılmışdır.
Layihənin icrası zamanı təşkil edilmiş təlimlərin təsirinin ölçülməsi məqsədi ilə hər bir təlimin sonunda iştirakçılarla yazılı olaraq qiymətləndirmə sorğuları keçirilmişdir. 193 nəfərin iştirak etdiyi sorğular təhlil edilmiş və iştirakçıların mövzu üzrə bacarıqlarının 71% artdığı müəyyən edilmişdir.
Layihə çərçivəsində keçirilmiş görüş və təlimlər zamanı səsləndirilmiş tövsiyə və rəylər ümumiləşdirilərək təkliflər paketi hazırlanmışdır.
Həyata keçirilmiş layihədən 990 nəfər faydalanmışdır.
İslahat.az