Rövşən Nəcəfov
Azərbaycan bayrağı
dalğalanması üçün tarixin ən ağır sınaqlarından keçib. Bir dövlətin, bir
millətin və bir ölkənin taleyi onun bayrağına bağlıdır. Üç rəngli bayraq
dalğalandığı zaman, hər kəsin gözündə işıq yanır. Gözümüzün yaşı sevincdən axır
yanaqlarımıza. Göz yaşlarımızı əllərimizlə silirik və tarixin bütün səhifələri
yazılmağa başlayır...
Bayraq millətləri və dövlətləri ayırd edən simvoldur. Bir millətin varlığını,
bir dövlətin müstəqilliyini təmsil edir. Bayraq elə bir dəyərdir ki, onun
qarşısında diz çöküb, onu öpürük. Atalarımız bayrağımızın enməməsi üçün,
fədakarlıqlar ediblər. Məhəmməd Əmin Rəsulzadə "Bir kərə yüksələn bayraq,
bir daha enməz!” deyərək, həyatında bütün enişləri etdi. Bayrağı öz taleyinə
yazdı. Bütün fədakarlıqlar gələcək nəslin bayrağa sahiblənməsi üçün olub.
Müstəqilliyimizi ifadə edən bu mirasın yox olmaması üçün bütün səhflərimiz və
düzlərimizlə taleyimizi onunla yazırıq. Gələcək nəslimizə qoyacağımız mirasın
dəyərini özümüz də anlamalıyıq. Bayrağımızın yüksəlməsi üçün, biz enişlər
edəcəyik. Tarix bizi endirəcək!
Bəzən, biz, bir parçanın insan taleyindən daha əhəmiyyətli olmasını qəbul edə
bilmirik. Amma bir insanın yox, bir millətin taleyini yaşamış bir "parça”
keçmişdə qalmadı. Biz onu görürük. Onun dili yoxdur bizimlə danışmağa. Bayraq
dilsiz olsada, hər kəslə danışmağı bacarır. Özündə cəmlədiyi mavi, qırmızı,
yaşıl rənglər, ağ aypara və səkkizguşəli ulduz vasitəsilə bizə ümumbəşəri
dəyərləri izah edir. Əli bəy Hüseynzadənin, Məhəmməd Əmin Rəsulzadənin və Nəsib
bəy Yusifbəylinin gerçəkləşdirdiyi ideya bu gün bizim milli kimliyimizdir.
Müstəqilliyimizin ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan
bayrağımız respublikamızın dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin
binaları üzərində, beynəlxalq tədbirlər, mərasimlər və məclislərlə yanaşı,
ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında
dalğalandırılır. İdeya yaşayır. İdeya yaşadılır. Bu ideyadan fiziki olaraq
imtina edə bilərik. Mənəvi olaraq isə bu ideya sonuncu dəfə gözümüzü
bağlayacağımıza qədər bizimlədir. Dünyanın harasında olmağımızdan asılı
olmayaraq, bu ideya bizim həyatımızın bir parçasıdır.
Himnimizin səsi hardansa gəlirsə, hansı şəraitdə dinlənilirsə bayraq bizimlə
danışır artıq. Onu anlamaq üçün susuruq... Sözləri Əhməd Cavadın, musiqisi
Üzeyir Hacıbəyova məxsus olan himnimiz qulağımıza gələcəyimizi pıçıldayır.
Bayrağımıza sevgimiz artdıqca, vicdanımız, bizim üçün ən doğru olanı taleyimizə
yazacaq. Bir insanın ən gözəl taleyi odur ki, onun son örtüyü onun bayrağı
olar.
Bayraq bir millətin doğduğu ölümsüz övladıdır...
İslahat.az