15 Aprel 2026
12:19
28

“Kəpəz” PFK ilə Gəncə İdman Məktəbi arasında əməkdaşlıq müzakirə olundu – Gələcəyin futbolçuları üçün yeni imkanlar

 

Ötən gün "Kəpəz” Peşəkar Futbol Klubunun nümayəndə heyəti "Təhsil" RİM PHŞ Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəhbərliyinin qonağı olub.

Görüşdə məktəbin direktoru, "Şöhrət” ordenli Ramil Qasımov, tədris işləri üzrə direktor müavini Tariyel Hüseynov, baş təlimatçı, "Şöhrət” ordenli Əli Hacıyev, futbol bölməsinin baş məşqçisi İlham Səmədov, eləcə də qarşı tərəfdən "Kəpəz” PFK-nın icraçı direktoru Ruslan Məmmədov və klubun Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev iştirak ediblər.

Müzakirələr zamanı gənc idmançıların inkişafı, onların gələcək perspektivləri və müxtəlif idman növləri arasında əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə məktəbin direktoru Ramil Qasımov və "Kəpəz” PFK-nın icraçı direktoru Ruslan Məmmədov arasında uşaqların idmana cəlb olunması və onların sağlam, peşəkar mühitdə yetişdirilməsi istiqamətində mühüm məsələlər diqqət mərkəzində olub.

Qeyd edək ki, hazırda bu idman məktəbi 800-dən çox futbolçunun məşq etdiyi, ölkənin ən böyük idman ocaqlarından biri hesab olunur. Bu cür görüşlər isə region futbolunun inkişafına və gələcək istedadların üzə çıxarılmasına ciddi töhfə verir.

Mənbə: PatriotNews.az