Qərbi Azərbaycan xalçaçılığı Azərbaycan xalçaçılığının ayrılmaz tərkib hissəsidir. Məlumdur ki, Qərbi Azərbaycanlıların doğma yurdlarından deportasiya olunması bu bölgənin xalçaçılığına da böyük zərbə vurmuşdur. Uzun illər Ermənistan tərəfindən bu xalçaların mənimsənilməsi və erməni xalçaları imiş kimi təqdim edilməsi Qərbi Azərbaycan Xalçaçılıq sənətinə də zərbə vurub.Amma buna baxmayaraq Qərbi Azərbaycanlılar hər zaman Azərbaycan xalçaçılığına sadiq qalmış və ata babalarından miras qalmış bu ənənəni yaşatmışlar.
İslahat.az "Yeni Gundem”-ə istinadən xəbər verir ki, dekabrın 5-i 2023-cü il, saat 18:00-da Azərbaycan Milli Xalça Muzeyində "Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı ilk sərgi açılıb. Tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilib.
Sərgidə Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı nümayiş olunub.
Sözügedən sənətkarlıq nümunələri doğma yurdlarından məcburi qaydada deportasiya edilmiş soydaşlarımızın özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları "Qasımuşağı”, "Ləmpə”, "Muğan”, "Qubadlı”, "Gəncə” və s. xalçalarıdır. Qərbi Azərbaycanda məşhur kompozisiyalar əsasında toxunulan bu nümunələrdə klassik ənənələrə söykənərək zəngin naxış və kolorit həllindən bəhrələnilib. Eyni zamanda, xanımlar toxuduqları xalçalara öz duyğu və hisslərini qatmaqla, həmçinin fərqli kolorit və məlumat xarakterli detalları ustalıqla verməklə onları özünəməxsus etməyi bacarıblar.
Sərgidə maraqlı kompozisiya quruluşu ilə seçilən xovsuz xalça şəddə və məişətdə geniş istifadə edilən xalça məmulatı xurcun da nümayiş olunub.
Sərgi 5 yanvar 2024-cü il tarixinədək davam edəcək. Sərgidə nümayiş olunan xalçalardan ibarət (Azərbaycan və ingilis dillərində) kataloq da çap olunub.
İslahat.az