27 Mart 2024
10:42
210

Qələbə sevinci ilə qeyd edilən Novruz bayramı

Prezident İlham Əliyev: "Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır”

 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin və xalqının şanlı tarixidir. Bu şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində  Ermənistan ordusunu məhv etmişdir. Ötən ilin sentyabrındakı bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam bərpa etdilmişdir. Bununla xalqmız milli ləyaqətini bərpa etmişdir. Məhz buna görə də bu gün Böyük Qələbəmizin sevinci ilə Novruz bayramını da qeyd edirik. Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra Novruz bayramı işğaldan azad olunan ərazilərdə də qeyd edilməsi ilə əlamətdardır. 30 ildən sonra artıq Qarabağda da Novruz bayramı tonqalları qalanır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bayram ərəfəsində böyük qürur hissi ilə bu torpaqlara səfər edir və bayram tonqallarını alovlandırır. Bu Novruz bayramı isə martın 18-də Xankəndi şəhərində Prezident İlham Əliyevin Novruz tonqalını alovlandırması ilə yadda qaldı. Dövlətimizin başçısı, həmçinin elə Xankəndindən  Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi: "Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır.  2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır”. Azərbaycan xalqı Qarabağda da Novruz tonaqalının qalanmasından böyük qürur hissi keçirir. Bu, tək bir nəfəri deyil, bütün dünya azərbaycanlılarının milli xoşbəxtliyidir. Böyük sevinc hissi ilə yaşayırıq. Əlbəttə ki, bu xoş anları bizə bəxş edən şəhidlərimizdir. Hər zaman olduğu kimi, Xankəndindəki çıxışında da Prezident İlham Əliyev Qarabağın işğaldan azad olunmasında, ərazi bütövlüyümüzün bərpa edilməsində şəhidlərimizin rolunu xüsusi vurğuladı: "Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.

Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır”. Azərbaycan Ordusu Vətən müharibəsinin elə ilk günlərindən tarixi qələbələr əldə edib. Şəhidlərimiz Vətən uğrunda canlarından keçiblər. Müharibədə qəhrəman şəhidlərimiz canlarını torpaq yolunda fəda etməklə adlarını tarixə yazıblar. İşğal altında olan torpaqlarımızın rəşadətli ordumuzun sayəsində alınmasından qürur hissi keçiririk. Uca məqamlı şəhidlərimizin əsl Vətən oğulları kimi Vətən uğrunda ölümün gözlərinə dik baxıblar. Onların şücaəti bu gün təhsil ocaqlarında gənclərə təbliğ olunur. Yeri gəlmişkən, cənab Prezident təbrikində müharibədə qəhrəmancasına döyüşən gənclərin vətənpərvərliyindən də danışıb: "Elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”. Qazilərimzin keçdiyi döyüş yolu gənclərimiz üçün örnəkdir. Ön cəbhədə döyüşənlərin mərdliyi, Vətən uğrunda hər an canından keçməyə hazır olan igid oğullarımız bu gün hər yerdə ehtiramla qarşılanr. Müharibə illəri nə qədər ağrılı-acılı olsa da, igid oğullarımız düşmənə qarşı döyüşərək vətənpərvəlik nümayiş etdiriblər. Şəhid ailələrinə, qazi və könüllü Vətən fədailərinə dövlətimiz daima  yaxından dəstək olur. Onlarla hər birmiz qürur duyuruq.

Vətənpərvərliyin təbliği və milli dəyərlərin qorunması dövlət siyasətində önəmli yer tutur. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri də mütəmadi olaraq təbdirlər keçirirlər. Belə ki, 30 ilə yaxın müddətdə keçirilən maarifləndirici tədbirlər gənclərin vətənpərvəlik ruhunu dah da yüksəldib. Həmin tədbirlərdə gənclərə vətənpərvərlik, hərbi vətənpərvərlik, milli dəyərlər, onların gənclər arasında təbliğinə və eləcə də fəal vətəndaşlıq mövqeyinin formalaşmasına dair geniş, əhatəli bilik və məlumatlar verilib. Xüsusən orta və ali  məktəblərdə vətənpərvərlik, milli dəyərlər və fəal vətəndaşlığı təbliğ etmək, gənclərimizin bu istiqamətdə bilik, bacarıq və potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr öz effektini verib. Biz bunun Vətən müharibəsi günlərində bir daha şahidi olduq.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi