31 Oktyabr 2026
17:36
187

Qərbi Azərbaycan İcmasının inzibati binasında Dərələyəz icmasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

30 oktyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında Dərələyəz icmasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə moderatorluq edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd rayon icmasının sədri, ADPU-nun beynəlxalq məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı giriş sözü ilə çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən və bu qələbənin xalqımızın milli yaddaşında tutduğu yerdən danışıb. O, Qərbi Azərbaycana qayıdış prosesində elm və təhsilin roluna diqqət çəkərək bildirib ki, bu torpaqlara elmlə, təhsillə qayıdacağıq. Gənc nəslin maarifləndirilməsi, tarixi yaddaşın qorunması və ali təhsil müəssisələrində fəaliyyət göstərən Qərbi Azərbaycan araşdırmaları mərkəzlərinin fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Daha sonra söz Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verilib. İcma sədri bildirib ki, bu gün Azərbaycan xalqı və dövləti alnıaçıq, üzüağdır. Azərbaycan artıq yeni reallıqları diktə edən qalib dövlətdir. O, Qərbi azərbaycanlıların da ölkəmizin qazandığı zəfərlərdə hər zaman ön sıralarda yer aldığını vurğulayıb. Əziz Ələkbərli əminliyini ifadə edib ki, xalqımız bir gün Qərbi Azərbaycana qayıdış zəfərini də qeyd edəcək.
Ardınca söz Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızına verilib. O, Azərbaycanın qazandığı Zəfərin xalqımıza yaşatdığı qürur və sevincdən danışaraq bu tarixi nailiyyətə görə qəhrəman Azərbaycan Ordusuna borclu olduğumuzu vurğulayıb. Məlahət İbrahimqızı Qərbi Azərbaycan İcmasının tarixi torpaqlara qayıdış ideyasının institusional əsaslarını formalaşdıran mühüm qurum olduğunu qeyd edib, bu istiqamətdə birlik və həmrəyliyin daha da gücləndirilməsinin vacibliyinə diqqət çəkib.
Tədbirin moderatoru daha sonra sözü Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılova verib. O, Azərbaycanın tarix boyu mürəkkəb sınaqlarla üzləşdiyini, torpaq itkiləri yaşadığını xatırladıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu acı tarixə son qoyulduğunu və ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini bildirib. Şahin İsmayılov Qərbi Azərbaycana qayıdışın da mütləq reallaşacağına əminliyini ifadə edib.
Sonra millət vəkili Pərvin Kərimzadəyə söz verilib. O, tədbirin Qərbi Azərbaycan İcmasında keçirilməsini qürurverici hadisə kimi dəyərləndirib və gələcəkdə bu cür tədbirlərin Qərbi Azərbaycanda təşkil olunacağına inamını ifadə edib. Qeyd edib ki, tarixi torpaqlara qayıdış yalnız arzu deyil, xalqın birliyinə, inamına və əzminə əsaslanan milli hədəfdir.
Növbəti çıxış edən millət vəkili Mehriban Vəliyeva Zəfər Gününün Azərbaycan xalqının ən böyük bayramlarından biri olduğunu vurğulayıb. O, hər bir azərbaycanlının Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması və tarixi yaddaşın qorunması istiqamətində üzərinə düşən məsuliyyəti dərk etməsinin vacibliyini qeyd edib. Mehriban Vəliyeva xalqımızın Qarabağ zəfərinin sevincini yaşadığı kimi, bir gün Qərbi Azərbaycana qayıdış sevincini də yaşayacağına əminliyini bildirib. Çıxışının sonunda ona Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqəsi təqdim olunub.
Daha sonra əslən Dərələyəz mahalının Qovuşuq kəndindən olan, İkinci Qarabağ müharibəsinin qazisi Salman Xudaverdiyev çıxış edib. O, Zəfərə gedən yolda yaşadığı qürurverici anları bölüşüb. Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə sağlamlığını itirən qazi ən böyük arzusunun Zəfərdən tarixi qayıdışa gedən yolun şahidi olmaq, tezliklə Qərbi Azərbaycana Böyük Qayıdışı görmək olduğunu bildirib.
Ardınca söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Paşalı rayon icmasının sədri, Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayevə verilib. O, Zəfərin xalqımızın qürur mənbəyi, tarixi torpaqlara qayıdışın isə haqqımız olduğunu vurğulayıb. Azərbaycanın qazandığı qələbənin yalnız hərbi uğur deyil, həm də milli qürurun və tarixi yaddaşın bərpası olduğunu diqqətə çatdırıb.
Sonda Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqogika elmləri doktoru, professor Fərrux Rüstəmov çıxış edərək Zəfərin tarixi əhəmiyyətindən bəhs edib. O bildirib ki, Qarabağa qayıdışda tarixi yaddaşımız və milli iradəmiz mühüm rol oynadığı kimi, Qərbi Azərbaycana qayıdış yolunda da bu amillər əsas güc mənbəyimiz olacaq.
Tədbirin bədii hissəsində Zəfər tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Milli və vətənpərvərlik ruhunda mahnılar ifa olunub, şeirlər səsləndirilib.