13 Mart 2023
16:15
20547

"Qohum evliliyi cəhalətdir" - Psixoloq Rövşən Nəcəfov

Hazırda dünyanın bir çox aparıcı ölkələsində qan qohumları arasında nikahlar qanunla qadağan edilib. Çin, Yaponiya, ABŞ, Böyük Britaniya, Türkiyə, İsveçrə, Cənubi Koreya kimi bir sıra ölkələrdə ana və atanın qardaş və bacılarının uşaqları, habelə övladlığa götürülmüş uşaqlar arasında nikahlar qadağan edilib. Azərbaycanda isə qohum evliliklərinə mütəmadi olaraq rast gəlirik.

Maraqlıdır, qohumluq əlaqələrindən yaranan travmalar, psixoloji problemlər varmı? Azərbaycanda da qohum evlilikləri qadağan edilməlidirmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Rövşən Nəcəfov deyib ki, qohum evliliyi və ya qohumluq münasibətləri bioloji və psixoloji xəstəliklərin yaranmasına şərait yaradır:

"Tibb deyir ki, bunu etmək olmaz. Bəzən insanların həyata mental baxışı elmin təkliflərini qəbul etmir. Qohum evliliyi cəhalətdir. İnsest dediyimiz ailədaxili münasibətlər, pedofiliya və cinsi zorakılıq gələcəkdə travmaların və psixi pozuntuların yaranmasının təməlidir. İnsanın davranışları beyni ilə əlaqədar olduğu üçün bioloji və ya fizioloji xəstəliklər zamanı şəxsin psixoloji pozuntuları yaranmış olacaq. Şəxsiyyətlərarası münasibətlərin normal formalaşması üçün cəmiyyətdə sağlam münasibətlərin qurulması və cinsi münasibətlər haqqında maarifləndirici fəaliyyətlərə ehtiyac var. Keçmiş dövrlərdə insestin olmasına əsas səbəb mal və mülkün qorunması olub. İnsanlar etibarlılığı riskə almamaq üçün belə addımlar atıblar. Psixoloji yaddaşmızda bu hallar mövcuddur. Müasir dövrdə isə valideynlər övladlarının yad adamlarla deyil, "etibarlı həyat yoldaşları” ilə evlənməsini dəstəkləyirlər”.

Müsahibimiz bildirib ki, qohum evliliyinin müsbət tərəfi mədəni üstünlüyüdür:

"Yəni ailə münasibətlərində harmoniyanı gücləndirə bilər. Bu da mentalitet və digər psixoloji diqtələrdən yaranıb. Qohum evliliyinin təhlükələri və zərərləri onun faydalarından daha çoxdur. Qohum evlilikləri bioloji və ya fizioloji xəstəliklər yaratdığı kimi psixoloji sindromlarında yaranmasına səbəb olur. Evlilik qərarı məcburiyyət və diqtədən asılı olmamalıdır. İnsanlar, xüsusən gənclər arasında cinsi tərbiyə haqqında müntəzəm maarifləndirmə fəaliyyətləri aparılmalıdır. Gələcək nəslin istər fiziki, istərsə də psixi sağlam olması üçün elmi izahlar verilməlidir.

Qohum evliliklərinə qarşı müqavimət aydın şəkildə ifadə olunmalıdır. Ailə qurmamışdan əvvəl insanlarla konsultasiyalar aparılmalı, insanlar bioloji və psixoloji olaraq düzgün informasiyalar almalıdırlar. Bəzən aparılan bioloji və psixoloji maarifləndirmə fəaliyyətləri təsirsiz olur. İnsanlar yenə də öz cəhalət dünyasında yaşamağa davam edirlər. Bu zaman dövlət öz qanunları ilə nizamlamağa çalışır. Düşünürəm ki, gələcəyin sağlam olması üçün qaydalar da sağlam, bəzən isə sərt olmalıdır”.

"Günay Rəsulqızı – Sfera.az”

İslahat.az