21 Sentyabr 2026
15:53
197

TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması vacibdir

Müharibələrin və qarşıdurmaların coğrafiyasının genişləndiyi, terrorizm, hibrid və informasiya təhdidlərinin yeni formalar aldığı bir dövrdə Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə müasir mərhələdə Türk dünyasının qarşısında duran əsas çağırışlara və təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərinə geniş nəzər saldı.

Çox sevindirici haldır ki, bu gün türkdilli ölkələrin hər birində sabitlik hökm sürür.  Dövlətimizin başçısının görüşdəki çıxışında qeyd etdiyi kimi, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Təbii ki, mövcud sabitlik təşkilat çərçivəsində əməkdaşlığın inkişafına da müsbət təsirlərini göstərir. 

Digər tərəfdən, hazırda TDT ölkələrinin yerləşdiyi geniş coğrafiyanın ətrafında davam edən münaqişələr və yeni təhlükələrin meydana çıxması təhlükəsizlik qurumları arasında daha sıx koordinasiyanı zəruri edir. Onu da qeyd etməliyəm ki, müasir dünyamızda artıq təhlükəsizlik anlayışı yalnız dövlət sərhədlərinin qorunması ilə məhdudlaşmır. Beynəlxalq terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən kibertəhdidlər, dezinformasiya, hibrid təsirlər, eləcə də enerji və nəqliyyat infrastrukturunun təhlükəsizliyi dövlətlər qarşısında mühüm vəzifələr qoyur. Belə çağırışlara qarşı əlaqələndirilmiş fəaliyyət göstərmək daha səmərəli nəticələr əldə etməyə imkan verir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, təhlükəsizlik qurumları arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, mövcud risk və təhdidlərin vaxtında müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Enerji və nəqliyyat təhlükəsizliyi də artıq ümumi təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilib. Türk dövlətlərinin Avropa ilə Asiyanı birləşdirən mühüm coğrafiyada yerləşməsi, bu məkandan strateji enerji və nəqliyyat dəhlizlərinin keçməsi məsuliyyəti daha da artırır. 

Bu xüsusda, deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi zamanın tələbidir. Məqsəd yalnız mövcud təhdidlərə reaksiya vermək deyil, riskləri əvvəlcədən müəyyənləşdirmək və onların qarşısını almaq üçün effektiv mexanizmlər formalaşdırmaqdır. 

Şahin İsmayılov,
Milli Məclisin Gənclər və idman komitəsinin sədri