Türkiyədə baş verən dəhşətli zəlzələ insanların psixoloji durumuna da zərbə vurub. Vəziyyət o həddə çatıb ki, Bakıda bəzi sakinlər bizimlə söhbətdə üst geyimində yatdıqlarını bildirirlər. Bəziləri isə deyir ki, ümumiyyətlə, yata bilmirlər, yuxuları ərşə çəkilib.
Bəs nə etməli? Bu vəziyyətdən necə çıxmaq olar?
Mövzu ilə bağlı psixoloq, "İnsan Mühəndisliyi" proqramının rəhbəri Rövşən Nəcəfov Musavat.com-a deyib ki, zəlzələ insanın təbiətlə münasibətində başa düşmədiyi hadisədir və hadisə reallaşmayana qədər insan bu haqda təşviş yaşamır: "Amma reallıq odur ki, zəlzələ bizim həyatımızın bir hissəsidir. Yaşadığımız coğrafiya taleyimizə təsir edir. Zəlzələyə hazırlıqsız olmaq zəlzələ qorxusunu və zəlzələ təşvişini yaradır. Yaxın ərazilərdə zəlzələnin baş verməsi insanın həssaslığını artırır. Ölüm insanın yadına düşür. Həmin mərhələdə insanın başqalarının ölümünə məyusluğu düşüncəsində öz ölümünü də aktuallaşdırır. Ölüm insanın başa düşmədiyi soyuq reallığıdır. Yaşadığımız coğrafiyada zəlzələ baş veribsə, şəxslərin təşviş hal yaşaması, üst geyimlərdə yatması kimi davranışları normaldır. İnsan şüurlu canlı olduğu üçün ölüm haqqında cavablar tapmasa da, suallar verə bilir".
Ekspert əlavə edib ki, zəlzələ psixologiyası şəxsin "zəlzələ olacağından qorxuram" ifadəsi ilə yaranır və bu, travmadır:
"Travma adlanan hallar şəxslərə görə dəyişir və formalaşır. Zəlzələdən sonra insanlar normal həyata davam etsələr də, mənəvi böhran və stress yaşayırlar. Zəlzələ insanlarda "posttravmatik stress pozuntusu (PTSP)", "panik atak", "fobiya", "yuxu pozğunluğu", "anksiyete pozğunluğu", "depressiya", "fləşbək" kimi psixoloji hallar yaradır. İnsanlar "zəlzələ çantası" hazırlayaraq narahatlığı azalda bilərlər, ancaq zəlzələ çantasını gözlərinin qabağına qoyaraq hər an zəlzələni xatırlamaqdan çəkinməlidirlər. "Zəlzələ təşvişi" şəxsin depressiv halıdır. Patoloji halın yaşanmaması üçün psixoloqla fikir mübadiləsi aparmağa ehtiyac var. Sakitləşdirici musiqi dinləmək, tənəffüs məşqləri və istirahət psixoloji rahatlıq üçün faydalı üsullardır. Zəlzələ qorxusuna qarşı fövqəladə tədbirlər görmək və təlimatlara riayət etmək lazımdır. Yaşadığımız evdə və ya iştirakçı olduğumuz ünvanda təhlükə minimuma endirilməlidir. Ehtiyat tədbirlərini maksimum artırmaq və təhlükəsiz hiss etmək zəlzələ qorxusundan xilas olmağa kömək etmiş olacaq. Zəlzələdən təsirlənmiş hər kəs psixi sağlamlıq mütəxəssislərindən və psixososial dəstək fəaliyyətlərindən faydalanmalıdır".
"Afaq Mirayiq - Musavat.com"
İslahat.az