22-25 fevral
tarixindən İndoneziya, Balidə APAO-nun (Asia-Pacific Academy of Ophthalmology)
39-cu illik konqresi və İndoneziya Oftalmoloqlar Assosiyasının 49-cu görüşü
keçirildi.
İslahat.az "Yeni Gundem”-ə istinadən xəbər verir ki,
konqres oftalmologiyanın müxtəlif aspektlərini, əsas, orta və qabaqcıl
bacarıqlardan tutmuş, üstünlük təşkil edən aktual mövzulara qədər əhatə edirdi.
Konqresdə müxtəlif oftalmoloji ixtisaslar üzrə ən son elmi yeniliklər, cərrahi
texnika və müalicələrin yeni tendensiyalarını təqdim edən 800-ə yaxın məruzəçi
iştirak edib.
Dünyanın bir çox yerindən, həmçinin Azərbaycandan da AOC-un sədr müavini Yazgül Abdıyeva, dr.Günay Əliyeva, dr. Vəfa Nəsirova, dr. Aygül Kərimzadə, dr. Nigar Kərimova, dr. Nərmin Kərimova, dr. Hafiz Qəhrəmanov və digər oftalmoloqlar iştirak edib.
Azərbaycan
Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva tərəfindən
"Epidemiological insights into eye diseases among children under 5 years in the
western region of Azerbaijan” mövzusunda e-poster təqdimatı olub.
Yazgül Abdıyeva bildirib ki, APAO 2024 konfransının ilk açılışı İndoneziyanın
səhiyyə naziri Budi Qunadi Sadik tərəfindən edilib. O, konfransın açılışının və
təşkilinin digər ölkələrdə keçirilən konfranslardan fərqli olduğunu qeyd edib.
Belə ki, həm nazir, həm də rəsmi qonaqlar milli geyimə üstünlük veriblər.
Həmçinin Y. Abdıyeva bu konqresin oftalmologiya sahəsində ən son elmi
inkişaflar təqdim etməklə, yaddaqalan təcrübə olmasını vurğulayıb.
Konfransdan sonra
Y. Abdıyeva ilə Amerika Oftalmologiya Akademiyasının (American Academy of
Ophthalmology) nümayəndələri Gail. E. Schimidit və Annamarie Hastingslə görüş
olub. Görüş zamanı Akademiyanın yaranması və faliyyəti ilə bağlı məlumat
verilib.
Daha sonra Akad. Zərifə əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və
regional filiallarının fəaliyyətindən və onun haqqında çəkilən video-rolik
təqdim olunub. Eyni zamanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə
keçiriləcək konfranslarla bağlı məlumat verilib.
Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Amerika Oftalmologiya Akademiyası
arasında oftalmoloji yeniliklərdən bəhs edilərək, qarşılıqlı təcrübələr
bölüşülüb.
Y. Abdıyeva ilə daha sonra APAO 2024-ün prezidenti Dr. Mohamad Sıdıkla görüş olub. Görüş zamanı keçirilən konqreslə bağlı müzakirələr həyata keçirilib, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə keçiriləcək konfranslarla bağlı məlumat verilib.
İslahat.az