Bunu Ölkə.az-a açqılamasında Milli Məclisin gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsi Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdirdi, regionda yeni siyasi reallıqlar yaratdı və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm təkan verdi:
"Bu tarixi qələbənin arxasında Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, strateji rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi dayanırdı. Xalqın öz Prezidentinin və Ali Baş Komandanının ətrafında sıx birləşməsi milli həmrəyliyin, dövlətə sədaqətin və vahid məqsəd uğrunda mübarizə əzminin parlaq təzahürü oldu. Bu birlik göstərdi ki, dövlətin siyasi iradəsi, xalqın inamı və ordunun gücü vahid amal ətrafında birləşdikdə qarşıya qoyulan ən mürəkkəb tarixi vəzifələr belə reallaşa bilər”.
Komitə sədri əlavə edib ki, Zəfərin əldə olunmasında Azərbaycan gəncliyinin rolu xüsusi qeyd edilməlidir:
"Vətən müharibəsində gənclərimiz yalnız döyüş meydanında deyil, informasiya mübarizəsində, milli həmrəyliyin qorunmasında və dövlətçilik mövqeyinin müdafiəsində də fəallıq nümayiş etdirdilər. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı müasir Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun, milli kimliyə bağlılığının və fədakarlığının əbədi nümunəsidir. Zəfər gənc nəslə bir daha göstərdi ki, Vətən sevgisi yalnız sözlə deyil, məsuliyyət, bilik, iradə və əməli fəaliyyətlə təsdiqlənir”.

Qələbənin siyasi və geosiyasi əhəmiyyətinə gəldikdə Şahin İsmayılov vurğulayıb ki, bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsində də özünü göstərdi:
"Azərbaycan regional proseslərin formalaşmasında daha fəal iştirak edən, enerji təhlükəsizliyi, nəqliyyat-logistika bağlantıları və regional əməkdaşlıq məsələlərində strateji əhəmiyyəti artan dövlətə çevrildi. Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, Türk dünyası ilə inteqrasiya və Avropanın enerji təhlükəsizliyində iştirak Azərbaycanın geosiyasi və geoiqtisadi rolunu daha da genişləndirir.
Bu gün Azərbaycan yalnız regional hadisələrin iştirakçısı deyil, həm də Avrasiyanın siyasi, iqtisadi və nəqliyyat arxitekturasının formalaşmasına təsir göstərən mühüm aktordur. Zəfərdən sonra yaranmış yeni reallıqlar ölkəmizin beynəlxalq mövqeyini, strateji tərəfdaşlıq imkanlarını və regional təşəbbüslərdə iştirakını yeni mərhələyə yüksəldib”.
Komitə sədri hesab edir ki, 8 Noyabrın ən mühüm tarixi dərslərindən biri budur: "Milli birlik, güclü dövlətçilik, siyasi iradə və vətənpərvər gənclik hər bir xalqın gələcəyini müəyyən edən əsas dayaqlardır. Bu gün gənc nəslin üzərinə düşən vəzifə Zəfər tarixini qorumaq, şəhidlərimizin əziz xatirəsinə layiq olmaq, bilik və bacarıqları ilə güclü Azərbaycan naminə çalışmaqdır.
Zəfər Günü bizim üçün yalnız keçmişin qüruru deyil, gələcəyin məsuliyyətidir. 8 Noyabr müstəqil Azərbaycanın gücünün, xalqımızın birliyinin, dövlətimizin siyasi iradəsinin və milli məğlubedilməzlik əzminin təntənəsidir. Bu Zəfər tariximizə yazılmış şanlı səhifə, gələcək nəsillərə ötürülən milli qürur və dövlətçilik əmanətidir”.