10 May 2024
10:01
419

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Bakıda Azərbaycan və Bolqarıstan Prezidentləri iki dövlət arasında əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər

Bu gün Azərbaycan və Bolqarıstan arasında mövcud ikitərəfli münasibətlər çox müsbət xarakteriz edilir. İki ölkə arasında əməkdaşlığın perspektivləri də müsbət yöndə dəyərləndirilir. Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlərində aparılan müzakirələr ikitərəfli əməkdaşlığın inkişafında dinamika yaradacaq. Prezidentlərin görüşlərində  iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi baxımından Azərbaycan-Bolqarıstan arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib. Görüşlərdə, həmçinin iqtisadi sahədə yaxşı siyasi əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycanla Bolqarıstan arasında ticarət-iqtisadi, enerji, nəqliyyat, tranzit, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olub. Prezident İlham Əliyev bu səfərin yaxşı nəticələrinin olacağını və tərəfdaşlığın uğurla davam edəcəyini vurğulayıb.  Prezident Rumen Radev isə Azərbaycanla yüksək səviyyəli siyasi təmasların Bolqarıstanın qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin yaratdığını qeyd edərək enerji sektorunda aparılan əməkdaşlıqdan məmnunuğunu ifadə edib.

Görüşlərin nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”imzalayıblar. Bununla yanaşı, texnoloji innovasiya və neft sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumuları imzalanıb. Sənədləri Azərbaycan tərəfdən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və iqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıblar. Bundan sonra Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında deyib ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar: "Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür”. Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Bolqarıstan Respublikası Avropa planlarını həyata keçirmək yolunda Azərbaycanı dəstəkləyir. Avropa ölklərinin enerji siyasəti tamam dəyişib. Avropa İttifaqı Azərbaycan da daxil olmaqla, Aİ-yə daxil olmayan enerji təchizatı dövlətləri ilə daha sıx ikitərəfli əməkdaşlığı gücləndirir. Bu baxımdan digər Aİ ölkələri kimi Bolqarısatan da əsasən Azərbaycanla enerji sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Yeri gəlmişkən, cənab Prezident bildirib, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır: "Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir”. Azərbaycan özünün milli enerji siyasəti ilə Xəzər, Qara və Aralıq dənizləri arasında, əsasən, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri, qaz sektorunda isə Türkiyənin Ərzurum terminalı vasitəsilə daşımaların enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu amil Azərbaycanla Bolqarıstanı daha da yaxınlaşdırıb. Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi Bolqarıstan və Aavropa İttifaqı üçün maraqlı olacaq.

Prezident Rumen Radevin bu səfərindən də bir daha aydın göründü ki, Bolqarıstan ilə Azərbaycan arasında münasibətlər mehribandır və heç bir həll olunmamış problem yoxdur. Bolqarıstan Respublikası Azərbaycanla xüsusilə, ticarət-iqtisadiyyat sahəsində balanslaşdırılmış və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Bu baxımdan Prezident İlham Əliyev bəyanatında Bolqarıstanla iqtisadiyyayta sahəsindəki müsbət dinamikanı da xüsusi qeyd edib: "Əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük”,-deyə dövlətimizin başçısı əlavə edib.

Bundan sonra Azərbaycanla Bolqarıstanın enerji sektorunda əməkdaşlığı daha da artacaq. Bolqarıstan iş adamlarının iştirak edə biləcəyi iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq güclənəcək.

Paşa-zadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi