10 Yanvar 2024
13:42
141

Dərmanlardan istifadə hansı fəsadlara səbəb olur? - AÇIQLAMA

Müasir həyatı dərmansız təsəvvür etmək çətindir. İnsan elə düşünür ki, dərman bütün dərdlərin əlacıdır. Amma buna baxmayaraq, onun istifadəsində səhvlərə yol verir. Məsələn, onlardan ən geniş yayılanı Azərbaycana xas olan qonşu sindromudur. Yəqin sizə də qonşuyla oxşar simptomları yaşayaraq eyni dərmanları qəbuletmə halları tanışdır. Təəssüf ki, bu hallarda nəticələr acınacaqlı ola bilər”.

İslahat.az "Yeni Gundem”-ə istinadən xəbər verir ki, bu barədə dərmanları qəbul edərkən ən çox buraxılan səhvlərə toxunan həkim konsultant, T.Ü.F.D Yazgul Abdıyeva açıqlayıb.

– Dərmanlardan yalnış istifadə hansı təhlükələrə yol aça bilər?

– Əhali arasında ən çox özünü müalicə metodlarından biri venadaxili qlükoza, kokarboksilaza vitamin serimumun təyin olunmasıdır. Lakin bu, çox yalnış addımdır. Çünki elə xəstələr var ki, şəkərli diabet xəstəsi olduğunu bilmir. Ona görə də bu hallar anafilaktik şokun əmələ gəlməsinə və xəstənin ölümünə səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 50 faizdən çox dərmanların düzgün istifadə olunmamasına və satılmasına rast gəlinir. Bu, o deməkdir ki, xəstələrin 50 faizi dərmanlardan düzgün istifadə etmir. Bu isə xəstənin vəziyyətinin daha da ağırlaşmasına yol açır.

– Dərmanla müalicənin əsas növlərinə nə aiddir?

– Dərmanla müalicə nisbi olaraq bir neçə qrupa ayrılır. Birinci etiotrop müalicədir. Yəni xəstəliyi törədən səbəbi araşdırmaq lazımdır. Etio yunan sözü olub, "səbəb” deməkdir. Məsələn pinevmaniya zamanı xəstəliyin hansı bakteriyalar tərəfindən törədilməsi öyrənilməlidir. Bu, törədicisinə qarşı olan bir müalicə növüdür.

Etiotrop müalicə müddətində həkim etiologiyanı düzgün aydınlaşdırmalıdır ki, xəstənin etiotrop müalicəsində hansı etnoloji amillərə əsaslanaraq diaqnoz qoyduğunu bilsin. Çünki düzgün diaqnozun qoyulması xəstənin tez sağalmasına səbəb olur.

İkinci qrupu müalicələr travmatik zədələnmələrlə bağlıdır. Müəyyən travma zamanı çox güclü ağrı sindrom olur. Bu zaman xəstəni travmatik şoka sala biləcək bir vəziyyətdən qurtarmaq üçün ən güclü ağrıkəsicilərdən istifadə olunur. Bu müalicəməhz ağrı şokunu aradan qaldırır. Bu isə kausatik müalicədir.

Üçüncü növ müalicədə isə əvəzedici müalicələr var. Əvəzedici müalicə orqanizmin fizioloji aktiv maddələrinin çatışmamazlığı nəticəsində təyin olunmuş müalicə üsuludur. Şəkərli diabet xəstələrində insulinin təyini və ya digər hormonal xəstələrdə hormonların təyini əvəzedici müalicəyə aiddir.

Ümumiyyətlə pasiyentlər həkimin yazdığı müalicə qaydalarına xüsusilə riayət etməlidir. Sonrakı müalicə üsulu isə üstünedici müalicələridir. Bu hansısa funksiyanın zəifləməsi zamanı təyin olunmuş üstünedici dərman vasitələridir. Yəni immunitet sistemini gücləndirir.

-Qeyri-rasional dərman istifadəsi hansı fəsadlara yol açır?

Ən əsas problemlərdən biri xəstəliyin müalicə müddətində çox sayda dərman preparatlarından istifadə olunmasıdır. Bu, elmi dildə polipragmaziya adlanır. Hər bir dərmanın arzuolunan təsiri ilə yanaşı, arzu olunmayan əlavə təsirləri də var.

Məsələn, günümüzdə tez-tez rast gəlinən kəskin respirator virusu infeksiyaları zamanı xəstə özbaşına antibiotik qəbul edir. Bunun həkimsiz qəbulu bir sıra ağırlaşmalara səbəb olur. Yəni xəstənin daha da zəifləməsinə yol açır. Həmçinin daxili orqanların zədələnməsinə gətirib çıxara bilər.

– Daima dərman içmək məcburiyyətində olan insanlar bəzən dərman qəbulunda səhlənkarlıq edirlər, sizcə bu nə dərəcədə düzgündür?

Bir çox xəstəliklərdə olduğu kimi, qan laxtalanması yüksək olan xəstələrdə də nəzarətsiz təyin olunan dərmanların gecikdirilməsi və ya səhlənkar edilməsinin fəsadları müşahidə olunur. Ümumiyyətlə dərmanların qəbulunun dayandırılmasını həkim təyin etməlidir.

Qeyd edim ki, həkim məsləhəti olmadan ağrıkəsicilərdən uzunmüddətli istifadə kəskin problemlərə, mədə xorasına, qanaxmalara və qaraciyər çatışmazlığına gətirib çıxarır.

Son olaraq onu vurğulamaq istəyirəm ki, bəzən hamiləlik dövründə qəbul edilən dərman preparatları var. Bu dərmanların istifadəsi artıq uşaqlarda müəyyən gizli xəstəliklərin yaranmasına səbəb olur. Uşaqlarda adi boğaz ağrısını müalicə edən həkim bunu bilmirsə, onun yazdığı antibiotiklər əks reaksiya verə bilir. Buna görə də ildə bir dəfə də olsa hər kəsin "check-up” müayinədən keçməsi vacibdir.

İslahat.az