25 Aprel 2023
19:42
15885

Elşən Qəmbərov ABŞ-da futbol məktəbi açıb: “İndi futbol oynamağa nə var ki?”

Elşən Qəmbərovu bəlkə də indiki gənclər xatırlamaz. Amma "staj”lı azarkeşlər milli komandamızın sabiq hücumçusunun cinah reydlərini, texnikalı oyununu unutmamalıdır. Hamı üçün sevimli futbolçu deyildi, amma yaddaşlarda qalacaq qədər yaxşı oyunları da olub.

"Tərəqqi”, "Neftçi”, "Turan”, "Bakı Fəhləsi”, "Bakılı”, "Kəpəz”, "Olimpik-Şüvəlan”, "Simurq” və "Bakı” forması geyən hücumçu Mahaçqalada "Anji” və "Dinamo”nun şərfini qoruyub. Özbəkistanda "Novbahor”, "Dinamo” (Səmərqənd), "Məşəl”, "Şurtan”, Qazaxıstanda "Yesil Boqatır” da onun çıxış etdiyi komandalardır. Yığmada da 12 matça çıxan hücumçunun ən parlaq dönəmi "Neftçi”yə 3-cü gəliçində olub.

Hazırda ABŞ-da yaşayan həmyerlimiz "Bridgeview soccer academy Brooklyn New York” futbol məktəbinin təsisçilərindəndir. Bir neçə gün öncə Bakıya qısa müddətə gələn Elşənlə söhbətləşmək imkanı qazandıq. Qəmbərov futbolinfo.az saytına hazırkı fəaliyyətindən danışdı.

– ABŞ-da işləriniz necə gedir?

– İşlərim çox yaxşı gedir. Düzdür, ilk illərdə bir az çətinliklər yaşadım. Amma indi hər şey arzuladığım səviyyədədir. Oradakı dostumla birlikdə təxminən dörd il əvvəl klub təsis etmişik. Əvvəllər 50-60 uşaq var idi. İndi futbol klubumuzda 350 oyunçu, 12-13 məşqçi yer alır. 2-3 yaşdan tutmuş, 12-13 yaşa qədər yeniyetmələrə məşq keçirik.

– Bəs 13 yaşdan sonra həmin uşaqların aqibəti necə olur?

– Həmin uşaqları sonra "Milan”ın oradakı məktəbinə veririk. Paolo Maldini, Alessandro Kostakurta və Ancela Orlando bizim həm həmkarımız, həm də yaxın dostlarımızdır. Onlar isə daha sonra uşaqları ya "Milan”a, ya da digər klublara verirlər. Həmin akademiya ilə müqaviləmiz var, istedadlıları ilk olaraq onlara təklif edirik. O akademiyanın komandası ABŞ-ın 4-cü liqasında çıxış edir. Uşaqlar kollec çempionatında mübarizə aparırlar. Amerikada Kollec Liqasında oynamayan MLS-ə qəbul olunmur.

- Devid Bekhem, David Vilya kimi məşhurların orada klubları var, həmçinin Alessandro Del Pyero uşaq futbolunda çalışır. Onlarla necə, münasibətiniz var?

– Bəli, bəziləri ilə münasibətimiz var. Dostumun qohumunun oğlu Los-Ancelesdə Del Pyeronun komandasında oynayırdı. Qardaşım da Del Pyeronun fanatıdır. O, məşhur futbolçu olmaqla yanaşı, həm də çox gözəl insandır. Əslində, yaxınlarda onun məktəbinə getməli idik. Ancaq elə oldu ki, Del Pyero İtaliyaya yollandı. Yenə də əlaqə saxlayırıq, görüşümüz planlaşdırılıb.

– Bəs ABŞ-da Azərbaycan futbolu barədə nə qədər bilirlər?

– Açığı, Amerikada Azərbaycan futbolu barədə çox az məlumatlıdırlar. Mən dostlarıma ətraflı məlumatlar verirəm, onlar bilirlər. Elə millimizin son oyununa da dostlarımla birlikdə baxırdıq. Amerikada Anatoli Banişevskinin adına müntəzəm turnir keçirilir.

– AFFA-dan və ya keçmiş klubunuz "Neftçi”dən sizinlə heç əlaqə saxlayan olur?

– AFFA rəhbərliyi ilə də gələn dəfə Bakıya səfər edəndə tanış olarıq. "Neftçi”dən isə axtaran yoxdur. Futbolçu vaxtı necə münasibət göstərirdilərsə, indi də eyni şəkildə rəftar edirlər. Bir il əvvəl Bakıda olanda "Neftçi”nin oyununa getmişdim, VİP-də matça baxırdım. Klubun əməkdaşlarından biri mənə yaxınlaşıb dedi ki, səni "Neftçi” TV-yə dəvət etmək istəyirik. Dedilər ki, veriliş zamanı "Neftçi” formasını öpə bilərsən? Bildirdim ki, problem yoxdur, öpərəm, ancaq klubdan niyə ayrıldığımı da deyəcəyəm. Qoy azarkeşlər bilsinlər ki, həmişə "Neftçi”yə sadiq olmuşam. Məni həmin verilişə çağırmadılar.

– Keçmiş komanda yoldaşlarınızla aranız necədir?

– Zaur İsmayılovla, Nadir Nəbiyevlə, hakim Əliyar Ağayevlə əlaqə saxlayırıq, Bakıya gələndə görüşürük. Vaqif Sadıqovla da tez-tez zəngləşirik. Bir dəfə gələndə Kazbek Tuayevin yanına getmişdim.

- Azərbaycandan ora aparmağı və ya oradan klublarımıza təklif etməyi düşündüyünüz futbolçular var?

– Amerikada skautlarla münasibətim var, onlar futbolçu transferləri ilə məşğuldurlar. Düzü, bizim futbolçulara maraq yoxdur. İndiki dönəmdə məşhur futbolçular dəvət etməyi üstün tuturlar. Artıq söz-söhbət gəzir ki, Lionel Messi Bekhemin klubu "İnter Mayami”də oynaya bilər. Azərbaycanda 12-13 yaşlı bir uşaq var – Ceyson Mövsümov – onu Amerikaya aparmaq fikrim var. O ki qaldı Amerikadan Azərbaycana futbolçu dəvət etməyə, bunun üçün ilk növbədə millimiz yaxşı nəticələr göstərməlidir. Yalnız bu halda buradakı oyunçuların Azərbaycan çempionatına marağı yarana bilər. Yığmamızın hazırkı nəticələrinə əsasən, necə dəvət edə bilərəm?

– Azərbaycandan, buradakı qohum-əqrabalardan ötrü darıxmırsınız?

– Valideynlərim, qardaşım Bakıda yaşayırlar. Mən onlarla nəfəs alıram. Hər gün valideynlərimə, qardaşıma, uşaqlara zəng vurmasam, günüm başlamır. Çünki onları, Azərbaycanı çox sevirəm. Hər il Vətənə gəlirəm, əlimdən gələn köməkliyi edirəm. Hər dəfə Bakıya gələndə onları bir yerə yığmağa çalışıram.

– Çempionatımızı izləyə bilirsiniz?

– İşlədiyim üçün çempionatı izləməyə çox imkanım olmur. Amma Azərbaycanda olanda matçlara getməyə çalışıram. Bizim vaxtımızda pul az olsa da, çempionatın səviyyəsi yaxşı idi. Vidadi Rzayev, Emin Quliyev, Rəşad Sadıqov, Qurban Qurbanov, İqor Getman, Nadir Nəbiyev kimi güclü futbolçularımız çox, futbolumuzun səviyyəsi yaxşı idi. İndi futbol oynamağa nə var ki? O vaxt çox çətinliklər çəkirdik. Masallıda, Bərdədə, Mingəçevirdə komanda fəaliyyət göstərirdi. Azarkeşlər elə təzyiq göstərirdilər ki, meydana çıxanda elə bilirdin, Avropada oynayırsan. İndiki səviyyə ilə bağlı nəsə deməyim düz çıxmaz. Çünki oyunlara az baxıram.

– "Qarabağ”ın avrokuboklardakı oyunlarına baxa bilirsiniz?

– Amerikada olanda hərdən "Qarabağ”ın avrokubokdakı matçlarına baxıram, dəstəkləyirəm. Qurban Qurbanov, Zaur Tağızadə, Elçin Rəhmanovla bir yerdə oynamışam. Qurbanla bir neçə dəfə telefon vasitəsilə danışmışıq. "Qarabağ” Azərbaycanın ən yaxşı komandalarından biridir. Avrokuboklarda həmişə qələbə qazanmalarını istəmişəm.

– Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 uduzdu. Yığmamızın çıxışı barədə nə deyə bilərsiniz?

– Milli son matçları çox zəif keçirdi. Bizim vaxtımızda da belə zəif çıxışlar olub. Amma həmin görüşlər Portuqaliya kimi böyük komandalara qarşı olardı. İndi isə Avstriyaya qarşı da zəif nəticələr olur. İsveç, Avstriya futbolçuları hər qoldan sonra elə sevinirdilər ki, sanki 4-5 qol vuracaqlarına özləri də inanmırdılar. Ümid edirəm ki, komandamız növbəti görüşləri yaxşı keçirər. Millidə hazırkı baş məşqçisi italiyalı Canni de Byazidir. Sizcə, Azərbaycan yığmasına əcnəbi məşqçilər gətirmək nə dərəcədə doğrudur?

– İlk növbədə uşaq futbolunu inkişaf etdirmək lazımdır. Bakıda olanda uşaq futbolu ilə maraqlanıram. Qonşumuzun övladı da futbola gedir. 25 uşağa bir məşqçi hazırlıq keçir. Azərbaycanda uşaq futbolu bərbad haldadır. Bəlkə də bütün klublarda vəziyyət belə deyil. Bizim məktəbdə 8 uşağa bir məşqçi nəzarət edir. 20-25 yeniyetmə bir yerdə nəzarətsiz məşq keçsə, nə öyrənə bilərlər? 5-10 dəqiqə isinmə hərəkəti etdirirlər, sonra da topu önlərinə atıb futbol oynadırlar. Belə məşq olar? İlk növbədə təməli düzgün qurmaq lazımdır. Bundan başqa, futbolçularımız ölkə xaricində legioner həyatı yaşamalıdırlar. Vaxtilə mən, Vəli Qasımov, Narvik Sirxayev, Deni Qaysumov, Dmitri Kramarenko, Emin Ağayev, Vyaçeslav Lıçkin xaricdə oynamışıq. İndi futbolçularımız ölkə xaricinə çıxa bilmirlər. Gedənlər də bir il oynayıb qayıdırlar. Milli komandaya əcnəbi baş məşqçi gətirmək olar. Amma bunun üçün onun əlində yaxşı material olmalıdır. Özümüzün də yaxşı məşqçilərimiz var, onlara şans vermək lazımdır.

– Azərbaycanda yerli futbolçulara və məşqçilərə münasibət deyəsən, ürəyinizcə deyil…

– Bəli, ürəkaçan deyil. Bizim futbolçulara, məşqçilərə münasibət əcnəbidən yüz dəfə yaxşı olmalıdır. Birinci yerdə özümüzünkülər olmalıdır, yerlilərə inanmaq lazımdır.

ABBAS (futbolinfo.az)

İslahat.az