22 Yanvar 2024
09:30
281

İstiqlaliyyət uğrunda mübarizənin şəhidləri

34 il keçməsinə baxmayaraq, Azərbaycanda 20 Yanvar şəhidlərinə daima ehtiram edilir

 Azərbaycanın azadlıq və müstəqillik əldə etməsi yüzlərlə soydaşımızın qanı-canı bahasına başa gəlmişdir. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı görünməmiş vəhşiliklə üzləşmişdir. Həmin gecə xalqımız yüzlərlər şəhid vermişdir. Buna baxmayaraq, xalq sarsılmamışdır və istiqlaliyyəti uğrunda mübarizəsində zəfər qazanmışdır. 20 Yanvar hadisələri öncədən planlaşdırılmış hərbi cinayət idi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və "Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir. Ötən əsrdə istibdad altında inləyən Qafqaz xalqlarının iki dəfə milli oyanışı olub. Əsrin əvvəlində baş verən oyanış çar Rusiyasına, əsrin sonunda baş verən oyanış isə sovet Rusiyasına qarşı olub. Lakin azadlıq uğurunda mübarizəyə qalxan bu xalqların hamısının milli oyanışı qanla nəticələnib. 20 Yanvar qırğını da bu baxımdan sovet Rusiyasının Bakıda həyata keçirdiyi qanlı terror təcrübəsidir. Lakin qırğının obyektiv və subyektiv səbəblərini araşdırdıqda aydın olur ki, bu hadisə baş verməyə bilərdi. Yəni bunun qarşısını almaq mümkün idi. Amma həmin zaman xalqı meydana səsləyənlər bu baxımdan heç bir səy göstərməyiblər. Əksinə sonradan məlum oldu ki, elə belələri Moskvanın Bakıdakı bir nömrəli "əlləri” imiş. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. 1990-cı ilin 20 yanvar günü xalqımız ağır sınaqdan çıxdı və özünün mübariz və qəhrəman xalq olmasını bütün dünyaya sübut etdi. O zaman Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin "20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini vermişdir. Bu haqda Ulu Öndər Heydər Əliyev demişdir: "Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

34 il keçməsinə baxmayaraq, Azərbaycanda 20 Yanvar şəhidlərinə daima ehtiram edilir. Hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 yanvar günü Şəhidlər xiyabanını ziyarət edir. Paytaxtda və bütün regionlarda anım mərasmiləri keçirilir, məscidlərdə şəhidlərin ruhuna dular oxunur, ehsanlar verilir. Həmçinin xarici ölklərədə 20 Yanvar faciəsi ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil edilir. Bu ondan irəli gəlir ki, 20 Yanvar hadisələri dünya azərbaycanlıların təşkilatlanmasına səbəb olmuşdur. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Xüsusən hər il Azərbaycan Respublikasının xarici dövlələrdəki səfirliklərində 1990-cı il qanlı yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilir. Həmçinin diaspor təşkilatları tərəfindən də bu səpkili anlm mərasimləri keçirilir. Səfirliklərdə keçirilən tədbirlərdə  həmvətənlərimiz, həmçinin, əcnəbi tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər. Bu təbirlərdə ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılır. Qara Yanvar hadisələri şəhidlərinin ruhuna dualar oxunur. Sonra 20 Yanvara faciəsi ilə bağlı səfirlərin, həmçinin diaspor rəhbərlərinin çıxışları olur. Anım mərasimlərində SSRİ ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı odlu silahlardan atəş açdığı, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə, əzib keçdikləri bildirilir. Həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunduğuna baxmayaraq, bunun Azərbaycan xalqının azadlıq hərəkatını və xalqın mətin iradəsini qıra bilmədiyi xüsusi vurğulanır. Ulu Öndər Heydər Əliyevin bu qanlı hadisədən dərhal sonra Moskva şəhərindəki Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, xalqının qəzəb və etirazını açıq şəkildə bütün dünyaya bəyan etməsi xüsusilə qeyd olunaraq, 20 Yanvar faciəsinin məhz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə araşdırılıb, hüquqi-siyasi qiymətin verildiyi xatırlanır.

Bu kimi tədbirdə iştirakçıları səfirliklərdə nümayiş etdirilən 20 Yanvar fotosərgisi ilə tanış olur, qanlı faciə barədə çəkilən sənədli filmi seyr edirlər. Bununla yanaşı, qanlı yanvar faciəsi ilə bağlı kitablar və 20 yanvar faciəsinə həsr olunan sənədli filmlərin DVD-si tədbir iştirakçılarına təqdim olunur. Tarixi faktlarla zəngin olan bu kitablar bir sıra dövlətlərin parlament üzvlərinə, ali təhsil ocaqlarına, dövlət və ictimai təşkilatlara, elmi dairələrə də təqdim edilir.

Paşa-zadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi