29 Yanvar 2024
11:39
381

Təranə Paşayeva: “7 fevral növbədənkənar prezident seçkiləri yeni dövrün başlanğıcı olacaq”

Hazırda ölkəmiz üçün tarixi və xüsusi əhəmiyyətə malik olan anları yaşayırıq. 7 fevral tarixində baş tutacaq Prezident seçkiləri dövlətimiz və xalqımız üçün çox vacibdir və öncəki seçkilərdən tamamilə fərqlidir. Çünki müstəqil Azərbaycan tarixində ilk dəfə Prezident seçkiləri bütöv Azərbaycan ərazisində və zəfər çalmış ölkə kimi keçiriləcəkdir. Bu növbədənkənar prezident seçkilərini həm də Zəfər seçkiləri adlandırmaq olar.​ 

1991-1993-cü illər aralığında baş verən hadisələrə göz yummayan Azərbaycan xalqı öz xilaskarı olan Ulu Öndər Heydər Əliyevi ölkəyə rəhbərlik etməyə çağırdı və Heydər Əliyev çətin və böhran vəziyyətində olmasına baxmayaraq xalqın çağırışını səssiz qoymadı, Azərbaycan Respublikasının Prezidenti seçildi.

Heydər Əliyev 10 il ərzində nəyinki ölkəni böhrandan xilas etdi, o cümlədən düzgün siyasət nəticəsində Azərbaycanı dünya dövlətləri arasında xüsusi bir nöqtəyə çatdırdı. Azərbaycanın siyasi, iqtisadi gücünün artması nəticəsində artıq ölkəmiz bir çox dünya dövlətlərinin və təşkilatlarının etibarlı tərəfdaşına çevrildi.

2003-cü il oktyabr ayında keçirilən seçkilərdə Heydər Əliyevin oğlu, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın səs çoxluğu ilə ölkəmizin prezidenti seçildi.

Ulu öndərdən sonra onun daxili və xarici siyasi kursunu cənab Prezident İlham Əliyev uğrula davam etdirdi. İlham Əliyev siyasətinin əsasında Azərbaycan insanı dayanırdı. İlham Əliyev hər zaman çıxışlarında deyirdi ki, biz maddi nemətlər kapitalını insan kapitalına çevirlməliyik. Məhs bu təfəkkürlə, xalqımızın rifahı üçün aparılan iqtisadi-siyasət xalqımızın firavan yaşamağına səbəb oldu. Cənab Prezidentin rəhbərliyi dönəmi xalqımızın daha yaxşı yaşaması üçün sosial-iqtisadi islahatlarla yadda qaldı.

Möhtərəm Prezident ölkəyə rəhbərlik etdiyi dönəmdən xalqına verdiyi bütün sözləri tutan bir rəhbər kimi yadda qaldı. Onun Ali Baş Komandanı olduğu ordu əvvəlcə 2016-cı il aprel döyüşlərində düşmənə gücünü göstərdi. Daha sonra ordumuz İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə düşmənə diz çökdürdü və torpaqlarımızı işğaldan azad etdi. Xalqmızın vətən həsrəti, vətən nisgili sona çatdı. Ancaq düşmən Kapitulasiya aktına imza atsa da öz məkirli niyyətindən əl çəkmirdi. Onlar öz başlarında Dəmir Yumruğu bir daha görmək istəyirdi. 19 Sentyabrda düşmənə qarşı aparılan antiterror əməliyyatlarında düşməm 23 saata təslim bayrağını qaldırdı. Noyabrın 8-də Zəfər Paradının qədim şəhərimiz Xankəndində keçirilməsi isə düşmənə verilən bir göz dağı idi.

Prezident İlham Əliyev uğurlu siyasəti nəticəsində Azərbaycanı dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. Azərbaycan iqtisadi inkişafı ilə dünyanın diqqətində oldu. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilərək ölkəmizin hərtərəfli inkişafına geniş zəmin yaratdı. İqtisadi tərəqqi ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil oldu. Azərbaycanın sabahına böyük inam ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmində də özünü təsdiqləyir.

2003-cü ildən başlayan bu şanlı prezidentlik dövrü artıq uğurla 20 ilini tamamladı. Atasının siyasi dəsti xəttinə sadiq qalan və daha da inkişaf etdirən İlham Əliyevin rəhbərliyində Azərbaycan nəyinki regionda, artıq avropada və dünyada demək olar ki, əksər sahələrdə aparıcı ölkələrdən birinə çevrilib.

Azərbaycan qarşıya qoyduğu ən vacib hədəfə nail oldu. Yeni mərhələ başlayır və bu dövrün də öz hədəfləri olacaq. Cənab İlham Əliyev ötən 20 ildə qarşıya qoyulan bütün vəzifələri, ali məqsədləri şərəflə yerinə yetirdi. Bu baxımdan, 7 fevral seçkilərini yeni hədəflərə çatmaq üçün mühüm bir başlanğıc kimi qiymətləndirmək olar.

Bu gün nəinki Azərbaycanda, bütövlükdə dünyada ölkəmiz haqqında məlumatı olan, siyasətlə maraqlanan hər kəs bilir ki, Azərbaycan xalqı cənab İlham Əliyevə yüksək etimad göstərir. Xalqımız cənab İlham Əliyevin tarixi xidmətlərini həmişə yüksək dəyərləndirir, yeni hədəflərə doğru Onun rəhbərliyi altında irəliləmək istəyir. Şübhəsiz ki, xalqımız yeni ali məqsəd və vəzifələrə çatmaq üçün bir daha cənab İlham Əliyevə etimad göstərəcək, doğma Azərbaycan Onun rəhbərliyi ilə daha müasir, güclü və firavan ölkəyə çevriləcək.

Təranə Paşayeva

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri

"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

"Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru