18 Sentyabr 2026
14:54
223

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır

Müasir dünyanın mürəkkəb geosiyasi proseslərin, münaqişələrin, dini və etnik zəmində qarşıdurmaların yaratdığı çağırışlarla üzləşdiyi bir dövrdə Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi, xalqlarımızı əsrlər boyu bir-birinə bağlayan ortaq milli-mənəvi və dini dəyərlərin qorunması, həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ortaq tarix, dil, mədəniyyət, din və mənəvi dəyərlər Türk dünyasının yalnız keçmişini birləşdirmir, eyni zamanda, onun gələcək inkişafına mühüm töhfə verir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın siyasi və iqtisadi istiqamətlərlə yanaşı, dini-mənəvi müstəvidə də dərinləşdirilməsi Türk dünyasının həmrəyliyinin daha möhkəm əsaslar üzərində formalaşmasına xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov səsləndirib.

Azərbaycanın bütün istiqamətlərdə türk dövlətləri arasında həmrəyliyin təmin olunmasına böyük töhfələr verdiyini söyləyən Şahin İsmayılov qeyd edib ki, Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının toplantısının, Yəhya Bakuvi Beynəlxalq Konfransının keçirilməsi də Türk dünyasının getdikcə genişlənən inteqrasiya gündəliyinin mühüm istiqamətlərindən biri olan dini-mənəvi həmrəyliyin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşündə qeyd etdiyi kimi, məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir.

"Türk dövlətlərinin yaxınlaşması yalnız dövlətlərarası münasibətlər və institusional mexanizmlərlə məhdudlaşmamalıdır. Dayanıqlı birlik üçün xalqlar arasında mənəvi bağların da möhkəmləndirilməsi vacibdir. Dövlətlər arasında iqtisadi maraqlar müəyyən dövrlərdə dəyişə, beynəlxalq konyunktura yeni çağırışlar yarada bilər. Ortaq tarixi yaddaş, milli-mənəvi dəyərlər, din, mədəniyyət və qardaşlıq hissi isə Türk xalqlarını birləşdirən daha dərin və uzunmüddətli təməldir. Türk dünyasının dini rəhbərlərinin mütəmadi dialoqu bu baxımdan yalnız dini əməkdaşlıq platforması deyil, həm də cəmiyyətlər arasında etimadın, mənəvi yaxınlığın gücləndirilməsinə töhfə verir”,- deyə komitə sədri vurğulayıb.

OXŞAR XƏBƏRLƏR